10 Fevral 2021 13:29
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentin son zamanlardakı rəsmi qəbullarına diqqət yetirdikdə müzakirə predmetinin işğal olunmuş ərazilərin gələcək infrastrukturu ilə bağlı olduğunu görmək olar. Bu müzakirələrdə xüsusən də işğaldan azad olunan ərazilərdə "yaşıl zona"nın yaradılması, "Ağıllı şəhər və kənd" infrastukturunun qurulması müxtəlif xarici şirkətlərlə birgə nəzərdə tutulur”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, Yaponiya, İtaliya, Böyük Britaniya şirkətlərinin bu prosesdə iştirakı gözlənilir: “Görünən odur ki, yaxın zamanlarda bu sahədə çox ciddi işlər başlanacaq. Düşünürəm ki, aidiyyatı qurumlar - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) , Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VSXİ) və digərləri bu sahənin inkişafı ilə əlaqəli konseptual məsələləri tez bir zamanda tamamlamalıdır. Maraqlı tərəflər, xarici ekspertləri də dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır.

Hesab edirəm ki, "Ağıllı şəhər və kənd" infrastrukturu uzunmüddətli "Rəqəmsal Azərbaycan" konsepsiyasının tərkib hissəsi olmalıdır. Odur ki, adıçəkilən qurumlar ilk öncə "Rəqəmsal Azərbaycan" konsepsiyasını ortaya qoymalıdır. Ölkənin bütün sahələrinin, dövlət və özəl sektorun, bütövlükdə cəmiyyətin rəqəmsal transformasiyası, ölkə üzrə İT - arxitektura , eGov-un və regional eGov-un gələcək inkişafı bu sənəddə öz əksini tapmalıdır”.

Osman Gündüz təklif edir ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı ayrıca bir mərkəz yaradılmalıdır: “Qənaətimcə, NRYTN və ya VXSİ Dövlət Agentliyinin mövcud strukturunda belə bir mərkəzin yaradılması, "yaşıl zona" və "Ağıllı şəhər və kənd" layihələri ilə bağlı əlaqələndirici qurumun formalaşdırılması doğru addım olardı.

Uzun illər formalaşmış hüquqi normativ baza rəqəmsal transformasiyaya və eGov tələblərinə uyğunlaşdırılmalıdır. Bu sahədə uğur qazanan ölkələrin təcrübəsinə baxanda görmək olar ki, yüzlərlə qanun və qərarlara dəyişiklik və əlavələr edilməlidir.

İşğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq "Ağıllı şəhər və kənd" layihəsinin icra olunacağı pilot ərazilər, "ağıllı" formaya keçiriləcək prioritetlər, İT infrastruktur, toplanacaq dataların tipləri və emal mərkəzləri müəyyən olunmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər