22 Aprel 2021 18:22
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiya başlanan ilk gündən Azərbaycanın səhiyyə infrastrukturunun bu istiqamətdə mübarizəyə səfərbər olması üçün lazımi dəstək dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstərilib. Ölkə başçısının fədakar fəaliyyəti nəticəsində səhiyyə sistemi bu prosesin öhdəsindən gəldi. Azərbaycan yeganə ölkələrdən biridir ki, əhalisinin sağlamlığını bütün iqtisadi maraqlardan ön planda tutdu”.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, virusa yoluxmuş insanların vəziyyətinin ağırlaşmaması üçün bütün lazımi addımlar atılıb: “Qısa müddətdə modul tipli pandemiya xəstəxanaları quruldu, onların hamısı ən müasir tibbi avadanlıqlarla təmin edildi. Belə ki, süni nəfəs aparatları, dərman preparatları və digər avadanlıqlar bir neçə gün ərzində xəstəxanalara gətirildi. Dövlətin üzərinə düşən funksiyalarının icrasında tutduğu mövqeyi, o cümlədən digər strukturların fəaliyyəti və fədakarlığı göz önündə oldu”.

Müşfiq Məmmədli təəssüflə qeyd edib ki, pandemiyanın ağır dönəmində vəzifəsində sui-istifadəyə yol vermiş səhiyyə işçiləri də olub: “Əhalinin düşdüyü bu çətin durumda, insanların köməyə daha çox ehtiyacları olduğu bir vaxtda səhiyyə strukturlarında olan bəzi şəxslər vəzifə səlahiyyətlərində sui-istifadə hallarına yol veriblər. Onlar xalqına, dövlətinə xidmət etmək əvəzinə, təəssüf və narazılıq doğuran hallara rəvac yaradıblar. Bu cür neqativ halların olması qınanılası addımdır. Təbii ki, kim bu istiqamətdə hüquq pozuntusuna yol veribsə, barələrində mümkün cəza tədbirləri görüləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər