Həkim-terapevt Rasif Bağırov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Rasif doktor, artıq iyulun 13-dən Azərbaycanda COVID-19-un "Delta" variantının aşkar olunduğu açıqlandı. Koronavirusun bu variantının əsas xüsusiyyəti nədir?
- “Delta” variantı ilk dəfə Hindistanda aşkarlandı. Ölkədə bu virusa yoluxanlar arasında ölüm səviyyəsi çox yüksək oldu. Bunu əsas götürən dünya ölkələri yeni varianta böyük vahimə ilə yanaşır. “Delta” variantı kliniki gedişinə görə, əvvəl rast gəldiyimiz növlərdən bir qədər fərqlənir. Köhnə variantlarda xəstələrdə zökəm əlamətləri olmur, adətən yoluxanın nə burnu axır, nə də səbir gətirir, ancaq ağ ciyərlərində iltihabi proses olur. “Delta” variantında isə xəstədə zökəm əlamətləri ilə yanaşı, boğazda, gözdə və bədənin müxtəlif nahiyələrində ağrılar olur. Eyni zamanda kompüter tomoqrafiyası zamanı iltihabi prosesin getdiyi müşahidə olunur. Laborator müayinələr virusun hansı variantı olmasını dəqiq müəyyən edir.
“Delta” variantının ölkəmizdə olma ehtimalı çox yüksək idi. Çünki bir neçə ay əvvəl Rusiyada, Gürcüstanda, Türkiyədə və digər qonşu dövlətlərdə “Delta” ştammı haqqında məlumatlar verilməyə başladı. Nəzərə alsaq ki, bu ölkələrlə Azərbaycanın sərhədləri açıqdır, bu baxımdan yeni növ ölkəmizə də gəlib çıxmalı idi.
- “Delta” variantına qarşı vaksinlərin effektiv olmadığı deyilir. Bu haqda nə düşünürsüz?
- Söhbət təkcə “Delta” variantından getmir. ABŞ-da, Avropada və digər ölkələrdə istehsal olunan peyvəndlər hazırlanma texnologiyasına görə Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksindən daha üstündür. Amma buna baxmayaraq, Avropa ölkələri hələ dəqiq bilmir ki, insan bədənində immunitet yaratmaq üçün bu vaksindən neçə dəfə, hansı müddətdə fasilə ilə vurmaq lazımdır. Təbii ki, tam şəkildə immun sistemi formalaşanda xəstəliyin bütün formalarının qarşısını ala bilər.
- Yeni və sürətli yayılan bu variantlardan qorunmağın üsulu nədir?
- İnkişaf etmiş ölkələrdə immunizasiya prosesi başa çatmaq üzrə olsa da əhaliyə yenə də maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara ciddi şəkildə riayət etmək tövsiyə olunur, vətəndaşlar da buna əməl edir. Xəstəlik digər viruslara nisbətən ağır keçir. Deyərdim ki, virusun öyrənilməsi istiqamətində yekun nəticəyə gəlinməyib və bunun üçün uzun illər lazım olacaq. Koronavirus uşaq vaxtı peyvənd aldığımız xəstəliklərə bənzəmir. Elə bir dərman yoxdur ki, onu tətbiq edib virusu məhv etdiyini deyəsən. Alimlər bunu bilmədiyi üçün hazırlanmış vaksinlərin də nə dərəcədə effektli olub-olmadığını deyə bilmirlər. Virusun dərmanı tapılmasa da, zamanla vaksinlə xəstəliyin qarşısını almağa çalışacaqlar.
- Azərbaycanda üçüncü doza peyvənd vurulacaq. Sizcə, hansı vaksinə üstünlük verilməlidir?
- Çin bəyan edib ki, istehsal etdikləri "CoronaVac" vaksininin effektliliyi 50-60%-dir, 40-50% isə effekt vermir. Belə nəticəyə gəlmək olur ki, vaksin 40-50% effektsizliyi ancaq yaşlı insanların payına düşür. Çünki immun sistemi yaşlı insanlarda çətin yaranır. Vaksinin 50-60 faiz effektliliyi isə yalnız cavanların payına düşür.
Digər vaksinlərin neçə dəfə istifadə olunması barədə yekdil qərar yoxdur. Ötən gün “Pfizer” üçüncü dozanın da vurulmalı olduğunu açıqlamışdı. Çünki iki doza vaksin immunizasiyanı uzun müddətə saxlaya bilmir.
- “Delta” variantının Rusiyada, Hindistanda dominant növə çevrildiyi deyilir. Maraqlıdır, yeni variant karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb ola bilərmi?
- Əslində karantin məhdudiyyətlərinin sərtləşməsi daimi olacaq. Düzdür, ictimai nəqliyyatın dayanmasının, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Amma hələlik Azərbaycanda nə Rusiyadakı, nə də Hindistandakı kimi vəziyyət müşahidə olunur. Yəni nəqliyyat işləyə bilər, müxtəlif tədbirləri həyata keçirmək olar. Amma buna baxmayaraq sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə əməl olunmalıdır. Çünki əhalini kütləvi şəkildə nəzarət altında saxlamaq qeyri-mümkündür. Buna görə də karantin rejiminin qaydalarını gözləmək lazımdır. Proses hələ bir neçə il davam edəcək.
- Əhaliyə nə tövsiyə edərdiniz?
- İlk növbədə maskaları çıxarmamağı tövsiyə edərdim. Əgər karantin qaydalarının tələblərindən irəli gələn tədbirlərə əməl edilsə, güman edirəm ki, tədricən xəstəliyin sonu yaxınlaşa bilər. Qapalı məkanlara və ya marşrutlara daxil olanda görürsən ki, iki nəfər maska taxıb, qalanları istifadə etmir. Elə bilirlər ki, yoluxma sayında azalma varsa, maskaları atmaq lazımdır. Məhdudlaşdırıcı tədbirlərin yumşaldılması o demək deyil ki, bütün qoruyucu vasitələrdən imtina edəsən. Buna görə də Azərbaycanda koronavirus dalğavari şəkildə müşahidə olunur.