23 Sentyabr 2021 11:15
27 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırx beş il öncə – 23 sentyabr 1976-cı ildə “Soyuq müharibə”nin gedişi zamanı əldə olunan beynəlxalq gərginliyin nisbətən azaldılması dövründə beynəlxalq insident baş verir: sovet təyyarəçisi Valentin Zasimov idarə etdiyi An-2 yüngül çoxməqsədli poçt təyyarəsi ilə təkbaşına İrana qaçır.

Sovet təyyarəçilərinin İrana qaçması halları əvvəllər də baş vermişdi. Ümumiyyətlə, təyyarə qaçırılmaları Leonid Brejnev idarəçiliyinin son dövründə (siyasi tarixdə haqlı olaraq “Brejnev durğunluğu” adlandırılır) tədricən müşahidə olunan iqtisadi staqnasiya, əmtəə qıtlığının, əhali arasında ölüm hallarının və alkoqolizmin artması, kütləvi iğtişaşlar və terror aktları kimi xoşagəlməz hallardan idi. Bu gün həmin qaçaqçıların bir çoxu xatırlanmır, yalnız “Soyuq müharibə” dövründə hərbi təyyarəçilərin həm Qərbə, həm də sosialist bloku ölkələrinə qaçışını araşdıran mütəxəssislər bu barədə məlumatlıdırlar. Yəni, bu qaçışların heç də hamısı dünyada geniş rezonans doğurmayıb. Lakin Zasimovun qaçışı və bundan sonra baş verən hadisələr Sovet-İran münasibətlərinin tarixində mühüm mərhələnin əsasını qoyur. Belə ki, SSRİ rəhbərliyi tərəfindən İran rəhbərliyinin ünvanına səsləndirilən təhdidlərin səviyyəsinin nəinki bu iki ölkə arasındakı münasibətlərdə, ümumiyyətlə dünya diplomatik praktikasında analoqu olmur. Digər potensial qaçaqçılara cəzanın qaçılmazlığını aşılamaq və bu qəbildən olan halların qarşısını almaq üçün İran hakimiyyətindən təyyarəçinin təcili geri qaytarılmasını tələb etməklə sovet rəhbərliyi sözügedən beynəlxalq insidentə misli görünməmiş miqyas verir. Mövcud olan diplomatik etiket normaları keçilir və xarici dövlətin işlərinə dolayı hərbi müdaxilə ediləcəyinə dair açıq təhdidlər edilir.

Bu gün beynəlxalq münasibətlər sisteminə “Zasimovun qaçışı” kimi düşən həmin hadisənin baş verməsinin nə az, nə çox, düz 45-ci ildönümü günüdür. Teleqraf.com-un ən yeni siyasi tarixdə baş verən mühüm hadisələrə dair məqalələr silsiləsindən növbəti məqaləsi də bu barədədir. Burada Azərbaycan oxucusu üçün son dərəcə maraqlı olan məqam həmin hadisənin baş verməsinin bilavasitə Azərbaycan Sovet Sosialist Respublikası ilə əlaqəli olmasındadır. O Azərbaycan SSR ki, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərməklə yanaşı tariximizin də mahir bilicisi olan Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” 15 fevral 2008-ci il tarixli sərəncamında üçüncü respublikamız kimi təsnif olunub.

Bioqrafik arayış

Valentin İvanoviç Zasimov 6 oktyabr 1939-cu ildə Bakıda hərbçi ailəsində anadan olub. Uşaqlığı Bakıda keçib. Xətai rayonundakı (həmin dövrdə Şaumyan rayonu adlanırdı-S.Həmid) 59 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra Rostov vilayətinin Bataysk şəhərində yerləşən Anatoli Serov adına Hərbi Aviasiya Təyyarəçiləri Məktəbində (hazırda bu hərbi institut Krasnodar şəhərində dislokasiya olunub və A.Serov adına Ali Hərbi Aviasiya Təyyarəçiləri Məktəbi adlanır) ali hərbi təhsil alıb.

Valentin Zasimov 1957-ci ildə. Bakı şəhəri Xətai rayonundakı 59 №-li tam orta məktəbin məzun albomundan foto. Hazırda bu məktəb Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Tahir Bağırovun adını daşıyır.

Valentin Zasimov bu ali hərbi məktəbdə qırıcı təyyarəçi ixtisasına yiyələnir, ancaq onun döyüş təyyarələrində uçmaq arzusu heç vaxt reallaşmır. Belə ki, 1960-ci il yanvarın 15-də SSRİ Ali Soveti tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşovun təklifi əsasında SSRİ Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının birtərəfli qaydada 1,2 milyon nəfər ixtisar olunmasına və müvafiq olaraq hərbi xərclərin azaldılmasına dair qanun qəbul edilir. Nəticədə sovet cəmiyyətində zabit rütbəsinin nüfuzu kəskin şəkildə aşağı düşür, hərbi məktəblərin kursantlarının intellektual səviyyəsi nəzərəçarpacaq dərəcədə azalır. Bu təlatümlər V.Zasimovdan da yan keçmir. O, məzun olduqdan dərhal sonra xidmətə başlamaq, hərbçi karyerasında irəliləmək əvəzinə leytenant rütbəsində ehtiyata buraxılır.

Valentin Zasimov gənclik illərində

Bu, gənc Valentinin sovet sistemindən aldığı ilk əhəmiyyətli zərbə olur. Taleyin bu “U dönüşü” onu son dərəcə məyus edir. Çünki o orduda karyera qurmaq, nəsildən gələn hərbçi ənənəsini yaşatmaq arzusunda idi. Elə bu dövrdə onda hər yerdə təbliğ olunan sovet həyat tərzinə skeptik yanaşma baş qaldırır.

Beləliklə, V.Zasimov pərişan halda doğma şəhərinə qayıdır. Hərbi təyyarəçi ixtisasına yiyələnmiş şəxs üçün burada münasib iş tapmaq asan olmur. Son nəticədə V.Zasimov aerodromun mövcud olduğu Yevlaxda məskunlaşır. Burada mülki aviasiyada işləməyə, An-2 ilə uçuşlar həyata keçirməyə başlayır. V.Zasimov yüksək ixtisaslı kadr olduğu üçün onun yenidən hazırlıq keçmədən işləməsinə icazə verilir. O, bu vaxt artıq ailə qurmuş, 1962-ci ildə oğlu dünyaya gəlmişdi.

Valentin Zasimov həyat yoldaşı və böyük oğlu ilə

Təxminən 9 il sonra Lvova köçür və burada ikinci oğlu dünyaya göz açır. O, Ukraynanın mədəniyyət paytaxtında da mülki aviasiyada çalışır, yük-sərnişin reysləri yerinə yetirməklə yanaşı ətraf bölgələrdə tarlaların dərmanlanması prosesinə cəlb olunur.

İkinci zərbə

Lvovda olarkən V.Zasimovun həyatında baş verən bir hadisə nəticəsində ailə yenidən Azərbaycana qayıdır. Belə ki, V.Zasimov An-2-nin komandiri idi, amma təyyarənin ikinci pilotu da var idi. İkinci pilot təyyarəni işə salarkən naqillərə toxunur və onlar sıradan çıxır. Nəticədə buna görə V.Zasimov cavab verməli olur, onu ikinci pilot dərəcəsinə endirirlər. Bu hadisə də ona bərk təsir edir. Həm Silahlı Qüvvələr sıralarından leytenant rütbəsində ehtiyata buraxılmasını və mülki aviasiyaya köçürülməsi, həm də ikinci pilot dərəcəsinə endirilməsi V.Zasimov tərəfindən şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilir. Ümumiyyətlə, onun qaçmasına səbəb olan hadisələr sovet mətbuatında dərc olunmayıb. Sovet mətbuatı onun haqqında yalnız bir neçə kəlmə yazıb: “o, cinayət əməli törədib – “Aeroflot”un təyyarəsini qaçırıb”.

Valentin Zasimov (solda) həmkarları ilə

Beləliklə, təyyarəçi qəti qərar qəbul edir: nə yolla olur olsun qaçmaq lazımdır. Bundan bir neçə ay əvvəl isə ailədə bu barədə söhbət olur. V.Zasimov həyat yoldaşına SSRİ-də yaşamaq istəmədiyini, uçub gedəcəyini, sonra isə ailəsini yanına aparacağını bildirir.

Qeyd edək ki, həmin illərdə SSRİ-ni müxtəlif yollarla tərk edə bilənlərin sonradan ailə üzvləri ilə birləşməsinə liberal yanaşılırdı. Yəni, əgər ailə başçısına siyasi sığınacaq verilirdisə, o zaman ailə üzvləri də SSRİ vətəndaşlığından çıxarılır və onlara ölkə hüdudlarını tərk etməyə imkan yaradılırdı.

İnsidentin baş vermə şəraiti

23 sentyabr 1976-cı ildə, cümə axşamı günü (45 ildən sonra da 23 sentyabr cümə axşamına təsadüf edir-S.Həmid) SSRİ Rabitə Nazirliyinin təyyarəçisi V.Zasimov Azərbaycan SSR Mülki Aviasiya İdarəsinə məxsus An-2 təyyarəsində Zabrat – Hacıqabul – Puşkin (Biləsuvar) – Prişib (Göytəpə) – Lənkəran marşrutu üzrə təkbaşına daxili uçuş həyata keçirir.

Pilotun İrana qaçdığı An-2 təyyarəsi

Lənkəran rayonunda aerodromdan göyərtəsində sərnişin və əlində xəritə olmadan havaya qalxaraq Sovet-İran sərhədini keçir və İran hava məkanına daxil olur. Pilot hər iki tərəfin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən aşkarlanmamaq üçün SSRİ sərhədini Xəzər dənizi üzərindən və çox aşağı hündürlükdə keçir. Belə ki, o, əvvəlcə sahil xətti ilə cənuba uçur. Yalnız sərhədi keçdikdən sonra İranın hava məkanında dönüş edərək quruya istiqamətlənir və bacardığı qədər İranın dərinliklərinə doğru irəliləyir. Yanacağı bitmək üzrə olarkən Şərqi Azərbaycan əyalətinin Əhər şəhəri yaxınlığında düz qarğıdalı tarlasına eniş edir. O, hər zaman belə şərtlərə malik sahələrə endiyi üçün budəfəki eniş onun üçün çətinlik törətmir. Enişdən sonra təyyarəçi ona siyasi sığınacaq verilməsini xahiş edir.

Sonrakı hadisələr

Sentyabrın 25-də “Associated Press” beynəlxalq informasiya agentliyi və dünyanın digər aparıcı xəbər nəşrləri baş vermiş qaçışla bağlı məlumatlar dərc edirlər. İlk olaraq sentyabrın 25-də SSRİ-nin İrandakı səfirliyi qaçış faktını təsdiqləyir, lakin insidentin təfərrüatlarını açıqlamaqdan imtina edir. Sentyabrın 26-da SSRİ-nin İrandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Yerofeyev İran hakimiyyətinə rəsmi etiraz notası təqdim edir. Notada hərbi fərarinin (səfirliyin press-relizində o “SSRİ Hərbi Hava Qüvvələrinin leytenantı” adlandırılır, buna görə də xarici mətbuatın sonrakı bütün materiallarında o, “leytenant Zasimov” kimi təqdim olunur) geri qaytarılması tələb olunur. Notada İran iki ölkə arasında imzalanmış üç milyard dollarlıq iqtisadi razılaşmanın denonsasiyası (beynəlxalq müqavilənin dayandırılmasının hüquqda əksini tapmış qanuni üsulu) ilə hədələnir. Bu müqavilə isə Tehran üçün daha vacib idi, nəinki Moskva üçün. Belə ki, SSRİ-dən nəqliyyat vasitələri, sənaye və qazma avadanlıqları idxal etməklə İran tərəfi həm də öz təbii qazını, qurğuşununu, sinkini, dərisini, quru meyvələrini satmaq üçün bazar əldə edirdi.

İran şahı Məhəmməd Rza Pəhləvinin SSRİ-yə rəsmi səfəri. Moskva, 1 oktyabr 1972-ci il

Soldan sağa: SSRİ-nin xarici işlər naziri Andrey Qromıko, Nazirlər Sovetinin sədri Aleksey Kosıgin, Sov.İKP MK-nın baş katibi Leonid Brejnev, Məhəmməd Rza Pəhləvi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı

Bundan əlavə, o dövrdə ölkələr arasında hərbi-texniki əməkdaşlıq aktiv şəkildə inkişaf edirdi. Elə qaçışın baş verdiyi 1976-cı ildə SSRİ-nin İrana 550 milyon ABŞ dolları məbləğində yüngül zirehli maşınlar, tank daşıyıcıları və “Strela-2” daşınan zenit-raket kompleksləri verməsini nəzərdə tutan müqavilə imzalanmışdı. Tərəflər, həmçinin hərbi-nəqliyyat təyyarələrinin mümkün tədarükü və İran Hərbi-Hava Qüvvələrində artıq mövcud olan sovet istehsalı texnikaya xidmət məsələlərini müzakirə etmişdilər. İttifaqın təhsil müəssisələrində iranlı hərbi mütəxəssislərin hazırlanması üçün SSRİ-nin təklif etdiyi xidmətlər də az əhəmiyyət kəsb etmirdi. Bundan əlavə, sovet hərbi sənaye müəssisələri İrana öz raket silahlarının işlənib hazırlanması texnologiyalarına dair gizli şəkildə texniki sənədlər təqdim edirdi.

Bu baxımdan V.Zasimova izah edilir ki, ona İranda rəsmi olaraq siyasi sığınacaq verilməsi SSRİ-nin İran qarşısında müqavilə üzrə öhdəliklərinin denonsasiyası üçün hüquqi əsas ola bilər, buna görə də o ABŞ-dan sığınacaq istəməlidir. Tezliklə İran hakimiyyəti pilotun ABŞ-dan siyasi sığınacaq istədiyini açıqlayır.

Ancaq V.Zasimovdan 17 gün əvvəl – sentyabrın 6-da MiQ-25 təyyarəsində Yaponiyaya qaçan və ABŞ-dan əvvəlcə siyasi sığınacaq, daha sonra isə vətəndaşlıq alan SSRİ Silahlı Qüvvələrinin baş leytenantı Viktor Belenkodan fərqli olaraq budəfəki qaçış Amerika tərəfini xüsusi maraqlandırmır. Buna görə də ABŞ-ın İrandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Helms baş verən hadisənin məsuliyyətini üzərinə götürmür və səfirliyin mətbuat katibinə siyasi sığınacaq üçün səfirliyə heç bir rəsmi müraciətin daxil olmadığına dair təlimat verir. Səfirlik elə bu cür də məlumat yayır. Diplomatik dildən tərcümədə bu o demək idi ki, Zasimov başını Amerika səfirliyinin giriş qapısına çırpıb yarsa belə, amerikalılar bu qalmaqala qarışmaq fikrində deyillər.

1973-77-ci illərdə ABŞ-ın İranda səfiri olmuş Riçard Helms. Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olan Helms mətbuat katibinə siyasi sığınacaq üçün səfirliyə rəsmi müraciətin daxil olmadığını bəyan etməyi tapşırır

Biz bu araşdırma prosesi zamanı məlum insidentlə birbaşa və dolayısıyla bağlı olan açıq mənbələrdəki demək olar ki, bütün məlumatları diqqətlə nəzərdən keçirdik. Həmin məlumatları ümumiləşdirdikdə istisna edilmir ki, V.Zasimov digər şərtlər altında siyasi sığınacaq almağa müvəffəq ola, insidentin özü isə ona beynəlxalq mətbuatın bu qədər diqqət yetirməməsi ilə yekunlaşa bilərdi, ancaq Zasimovun uçuşu baş leytenant Viktor Belenkonun uğurlu qaçışından on yeddi gün sonra baş verir. Sovet rəhbərliyi bu qənaətə gəlir ki, Belenkonun qaçışı təhlükəli presedentdir, Zasimovun qaçışı isə məxfi hərbi məlumatların açıqlanması nöqteyi-nəzərindən daha az təhlükə törətməsinə baxmayaraq (köhnə poçt təyyarəsi MiQ-25 qədər qiymətli deyildi, gizli hərbi sənədlər isə Zasimovda yox idi) artıq sistemə xas olmağa başlayıb. Buna görə də potensial nəticələri ilə birgə təhlükəni təmsil edir. Bunun əsasında belə qənaətə gəlinir ki, baş verə biləcək oxşar insidentlərin qarşısını ən sərt şəkildə almaq lazımdır.

SSRİ-İran sərhədinin uzunluğu 2000 kilometri keçdiyindən və bu hal İran tərəfini çox narahat etdiyindən sovet tərəfdən təzyiq göstərmək üçün açar kimi bu faktor seçilir. Təyyarəçilərin xaricə mümkün “qaçış epidemiyası”nın qarşısını almaq üçün sovet tərəfi İran rəhbərliyinə qarşı öz şiddətinə və səsləndirilən təhdidlərin dərəcəsinə görə presedentsiz, SSRİ-İran münasibətləri tarixində analoqu olmayan təzyiq təşkil edir.

Rəsmən şahənşah(şahlar şahı) titulu daşıyan Məhəmməd Rza Pəhləvi və milliyyətcə azərbaycanlı olan şahbanu Fərəh Pəhləvinin (Diba) SSRİ-yə növbəti səfərlərindən biri. Ümumiyyətlə, 1960-cı illərin sonu 1970-ci illərin birinci yarısında şahənşah və şahbanu demək olar ki, hər il SSRİ-yə səfər edirdi

İran pilotun verilməsindən imtina və ya gecikdirmə halında ölkənin şimalında və şərqində yaşayan kürd separatçıların, həmçinin, hakimiyyətə müxalif olan qiyamçıların pulla dəstəklənəcəyi və onlara sovet silahlarının və hərbi texnikasının çatdırılmasına başlanacağına dair açıq təhdid olunur. İrandakı yüksək çinli sovet diplomatlarından biri “Sovet-İran sərhədinin bu və ya digər tərəfə yerli partizanların keçməsi hallarının qarşısını almaq üçün çox uzun olması” barədə İran şahı Məhəmməd Rza Pəhləviyə eyham vurur.

Sovet-İran sərhədində dislokasiya olunmuş SSRİ Silahlı Qüvvələrinin hərbi hissə və birləşmələri – Quru Qoşunlarının 17 motoatıcı və tank diviziyası, iki hava-desant diviziyası, ümumilikdə 4500 tank, 500 qırıcı, 150 strateji bombardmançı və təxminən 180 min hərbçi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir. Müqayisə üçün deyək ki, SSRİ zamanında Quru Qoşunlarının üçdən artıq diviziyası yüksək döyüş hazırlığı vəziyyətində olmurdu.

DTK-nın əməliyyatı

Bundan əlavə, Ukrayna Dövlət Təhlükəsizlik Komitəsinin üzərindən məxfilik qrifi götürülmüş arxivinə əsasən, bilavasitə V.Zasimovun qaçması ilə bağlı xüsusi əməliyyat keçirilib. Nəticədə 28 sentyabr 1976-cı ildə 31 yaşlı İran vətəndaşı Kiyevdə qeyri-qanuni valyuta əməliyyatı həyata keçirərkən cinayət başında yaxalanıb. İran vətəndaşı Voroşilovqrad vilayətinin Kommunarsk şəhərindəki (hazırda serapatçıların nəzarəti altında olan Luqansk vilayətinin Alçevsk şəhəri) metallurgiya zavodunda təlim keçirmiş. O, sentyabrın 26-da iki həmyerlisi ilə birlikdə turist kimi Kiyevə gəlib və dəllal vasitəsilə valyuta almaq qərarına gəlib. Ukrayna SSR DTK-nın rəhbəri Vitali Fedorçukun Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitskinin adına hazırladığı arayışda birbaşa qeyd olunur ki, “çekist tədbirləri sovet vətəndaşını təhvil verməsi üçün İran hakimiyyətinə təzyiq göstərmək məqsədi ilə həyata keçirilib”.

Qeyd etmək lazımdır ki, Belenko hadisəsində qaçırılan poçt təyyarəsi yox, göyərtəsində çoxlu gizli elektron avadanlıq olan döyüş təyyarəsi, qaçışı həyata keçirən isə mülki şəxs yox, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu idi. Bununla belə sovet diplomatları tərəfindən Yaponiyanın ünvanına daha təmkinli təhdidlər səsləndirilirdi. Eyni zamanda “Nyu-York Tayms” qəzetində 1976-cı ilin sentyabr ayı SSRİ-dən “Milli qaçış ayı” (National Defection Month) adlandırılır.

Adının çəkilməsini istəməyən bir Qərb diplomatının sözlərinə görə, Moskvadan Tokionun ünvanına olan təhdidlərin müşahidəsi özünün sərhəd bölgələrinin təhlükəsizliyi ilə əlaqədar narahatlıqlarla birlikdə İran hakimiyyətini kompromisə getməyə məcbur edir.

İnsidentin hüquqi xüsusiyyətləri

V.Zasimovla bağlı məsələdə hüquqi kolliziya (beynəlxalq hüquq normalarının və ikitərəfli dövlətlərarası xarakterli normaların toqquşması) baş verir. Bir tərəfdən 7 avqust 1973-cü ildə imzalanan “Mülki hava gəmilərinin qaçırılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” SSRİ-İran müqaviləsinin normalarına görə İran hakimiyyəti V.Zasimovu hava gəmisini qaçıran şəxs kimi sovet tərəfinə təhvil vermək məcburiyyətində idi. Digər tərəfdən V.Zasimovun hərəkəti Hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə mübarizəyə dair Haaqa Konvensiyası (SSRİ onu 16 dekabr 1970-ci ildə ratifikasiya etmişdi) ilə müəyyən olunmuş “hava gəmisi qaçırma” anlayışına daxil deyildi.

Qacarlar sülaləsindən İran şahı Fətəli şah Qacarın nəticəsi olan şahzadə Sədruddin Ağa Xan 1965-1977-ci illərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olub

Digər tərəfdən BMT-nin qaçqınların müdafiəsi ilə bağlı qətnamələrinin normalarına, xüsusən İran tərəfindən ratifikasiya edilmiş 1951-ci il tarixli Qaçqınların statusu haqqındaKonvensiyaya əsasən İran hakimiyyəti V.Zasimova qaçqın kimi siyasi sığınacaq verməli idi. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qaçqınların statusu haqqında” Konvensiya ikitərəfli deyil, beynəlxalq xarakter daşıdığı üçün birinciliyə malik idi. İstənilən halda bu iki müqavilədən birini yerinə yetirməmək İranı bu və ya digər tərəfdən (SSRİ və ya BMT) siyasi-hüquqi nəticələrlə təhdid edirdi.

Siyasi hadisələr

Bu arada bir sıra beynəlxalq insan haqları təşkilatları V.Zasimovun müdafiəsinə qalxır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, şahzadə Sədruddin Ağa Xan V.Zasimova siyasi sığınacaq verilməsi və SSRİ-yə təhvil verilməməsi üçün şəxsən çağırış edir. Təyyarəçinin SSRİ-yə qayıtmasına imkan verməməsi üçün Stalinin qızı Svetlana Alliluyeva tərəfindən şaha açıq məktub yazılır. Məktubu Vaşinqtona – İranın ABŞ-dakı səfiri Ərdəşir Zahidiyə Corc Vaşinqton Universitetinin Slavyan dilləri və ədəbiyyatı fakültəsinin dekanı, professor Yuri Olxovski çatdırır.

Oktyabrın 27-də SSRİ-də İnsan Hüquqları Komitəsinin rəhbəri Andrey Saxarov Helsinki qrupunun 4 üzvü Yelena Bonner, Pyotr Qriqorenko, Nikolay Rudenko və Yuri Orlovla birgə pilotun sovet hakimiyyətinə verilməməsi xahişi ilə müraciət edirlər. Onlar bildirirlər ki, V.Zasimov sərhədi keçmək üçün köhnə konstruksiyalı biplandan (birmühərrikli, ikiqanadlı təyyarə) istifadə edib. O zorakılıq etməyib, öz həyatından başqa heç kimin həyatını riskə atmayıb və buna görə də onun hərəkətləri hava piratçılığı kimi qiymətləndirilə bilməz. Bundan əlavə o, qanuni sahibinə qaytarıla bilən təyyarəni qəzaya uğratmayıb.

A.Saxarov V.Zasimovun sovet tərəfinə mümkün təhvilinin qarşısının alınmasına kömək etməsi üçün analoji xahişlə BMT-nin Baş katibi Kurt Valdhayma da müraciət edir.

Şahın qərarı

Ancaq şah ayrı-ayrı fərdlərin və beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur. Pəhləvi xanədanının sonuncü nümayəndəsi mümkün nəticələri nəzərə alaraq, dövlət maraqları nəfinə və SSRİ-İran münasibətlərində status-kvonu qorumaq üçün sovet tələbini yerinə yetirmək və V.Zasimovu təhvil verməklə bağlı qərar qəbul edir. Şah bu addımı atmaqla dövlətlərarası münasibətlərin pisləşməsinin qarşısını almaq niyyəti güdür.

Məhəmməd Rza Pəhləvi və Nikolay Podqornı Sovet İttifaqının köməyi ilə tikilmiş 1200 km uzunluğa malik İran-SSRİ qaz kəmərinin açılışında. Astara, Azərbaycan SSR. 1 oktyabr 1970-ci il

Oktyabrın 23-də İran hökuməti rəsmən bəyan edir ki, işin şərtləri ədliyyə orqanları və İranın aparıcı hüquq alimlərinin iştirakı ilə birgə diqqətlə araşdırıldıqdan sonra siyasi sığınacaq verilməsi ilə bağlı istəyin təmin edilməsinin “Mülki hava gəmilərinin qaçırılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” SSRİ-İran müqaviləsinin müddəalarına zidd ola biləcəyi qənaətinə gəlinib. Bu səbəbdən təyyarəçiyə siyasi sığınacaq verilməsinin rədd edilməsi və onun sovet nümayəndələrinə təhvil verilməsi barədə qərar qəbul olunub. Bu barədə İran Xarici İşlər Nazirliyi Tehrandakı sovet səfirliyini məlumatlandırıb.

Tehran şəhərinin panoraması, İyul, 1971-ci il

Elə həmin gün bu məlumat “Associated Press” informasiya agentliyi və böyük beynəlxalq qəzetlər tərəfindən yayımlanır. Oktyabrın 25-də Zasimov SSRİ-yə, daha doğrusu Azərbaycan SSR-ə aparılır. Oktyabrın 28-də bu barədə TASS və Moskva radiosu rəsmi məlumat yayır. İran hakimiyyəti sovet tərəfini təyyarənin də tezliklə qaytarılacağı barədə məlumatlandırır.

Taleyin ironiyası

1976-cı ildə 24 yaşında ikən SSRİ-dən ABŞ-a mühacirət edən və vəkil kimi uğurlu karyera quran, 2011-ci ildə adı “Reuters” agentliyinin tərtib etdiyi ABŞ-ın aparıcı vəkillərinin reytinqinə superhüquqşünas kimi daxil edilən Boris Palant 2010-cu ildə çap olunan Dura LEX adlı xatirələr kitabında qeyd edir ki, İran hakimiyyətinin bu qərarı V.Zasimov üçün “yumruqlarını düyünləyən” sovet gəncliyi üçün böyük məyusluq idi. O, az sonra başlayacaq hadisələri islam inqilabı nəticəsində şahın devrilməsi və xaricə qaçmasını isə qaçaqçının bir zamanlar SSRİ-yə geri qaytarılmasına görə ilahi ədalətin təntənəsi kimi gördüyünü bildirir.

Həqiqətən də tarixi xronologiyaya baxdıqda İranda islam inqilabının V.Zasimovun təhvil verilməsindən cəmi 1 il 2 ay 13 gün sonra başladığını, şahın isə məlum hadisədən 2 il 2 ay 22 gün sonra ölkədən qaçdığını görmək olar.

Beynəlxalq reaksiya

Noyabrın 1-də Birləşmiş Millətlər Təşkilatı İran hökumətinin hərəkətini qınayır. Eyni vaxtda İranın BMT-nin Cenevrə bölməsi yanında diplomatik missiyasının rəhbərinə Qaçqınlar üzrə Ali Komissarlıqdan etiraz notası təqdim olunur. Notada Ali Komissar İran hökumətinin Qaçqınların statusu haqqındaKonvensiyanın tələblərini yerinə yetirməməsindən dərin təəssüf hissi keçirdiyini bildirir.

Məhkəmə prosesi

V.Zasimov qaytarıldıqdan sonra dövlət təhlükəsizlik orqanları tərəfindən nəzarətə götürülür. Onun qayıdışından sonra Andrey Saxarov və Yelena Bonner şaha məktubla müraciət edirlər. Onlar şahdan xahiş edirlər ki, V.Zasimovla bağlı sovet hökumətinə müraciət edərək ona mərhəmət istəsin, təyyarəçiyə ölüm hökmünün çıxarılmaması istiqamətində hərəkət etsin. Müraciət nəticə verir – hüquq müdafiəçiləri bu məsələni İranın SSRİ-dəki konsulu ilə görüşüb müzakirə etməyə nail olurlar. Konsul onları əmin edir ki, onların xahişi şaha çatdırılacaq və baxılacaq.

İrana qaçdıqdan beş gün sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Valentin Zasimovun evində apardığı axtarışın protokolu

V.Zasimovun işinə birbaşa Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən baxılır. Məhkəmə Dövlət Təhlükəsizlik Komitəsinə məxsus el arasında “Dzerjinski klubu” adı ilə məşhur olan binada (hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi) keçirilir. Qapalı keçirilən məhkəmə iclası V.Zasimovu SSRİ Cinayət Məcəlləsinin 64-cü maddəsi (“Vətənə xəyanət”) üzrə 12 il müddətinə azadlıqdan məhrum edir. Onunla bağlı hökmdə cəzasını ciddi rejimli islah-əmək koloniyasında çəkəcəyi də əksini tapır.

V.Zasimovun məhkəməsinin keçirildiyi "Dzerjinski klubu". Tarixi memarlıq nümunəsi olan bu bina hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzidir. Bakı, Rəşid Behbudov küçəsi, 3

Sovet tərəfinin ekstradisiya sorğusunda göstərdiyi rəsmi tələblərə əsasən V.Zasimov SSRİ Cinayət Məcəlləsinin 213.2-ci (“Hava gəmisinin qaçırılması”) maddəsi ilə mühakimə olunmalı idi. 64-cü maddə isə daha uzun müddətli həbs cəzasını nəzərdə tutduğu üçün ittiham tərəfi məhz bu maddəni seçir və cinayət işi hava nəqliyyatında cinayətdən dövlət quruluşunun əsaslarına qarşı çıxmaq cinayətinə kvalifikasiya edilir.

V.Zasimov cəzasını “Perm-36”da (Perm diyarının Çusovsk şəhər dairəsinin Kuçino kəndində “xüsusi təhlükəli dövlət cinayətləri”nə görə məhkum olunmuşlar üçün ciddi rejimli islah-əmək müəssisəsinin qeyri-rəsmi adı) çəkir. Qeyd edək ki, sovet dövründə əsasən dissidentlərin və qaçaqçıların saxlanıldığı bu müəssisə 1996-cı ildən “Perm-36” Siyasi Repressiyalar Tarixi Memorial Muzey-Qoruğu kimi fəaliyyət göstərir.

“Perm-36” – Siyasi Repressiyalar Tarixi Memorial Muzey-Qoruğunu il ərzində 35 min insan ziyarət edir

Həbsdə olduğu müddətdə onun həyat yoldaşı Tatyana Zasimova və iki oğlu Nərimanov rayonu Teymur Əliyev küçəsindəki (hazırda Məmməd Araz küçəsi) 95 №-li evdə yaşayırlar.

Ancaq V.Zasimov cəzasını sonadək çəkmir. Artıq SSRİ yenidənqurma epoxasına qədəm qoymuşdu və Zasimovun etdiyi hərəkət kimi hərəkətlərə görə cəzalandırılmalar dayandırılmışdı. Vaxtilə yol verilmiş belə hallara isə daha tolerant, daha anlayışlı münasibət bəslənirdi. Bunun nəticəsində V.Zasimov SSRİ-yə ekstradisiya edildiyi günün doqquzuncu ildönümü günündə – 25 oktyabr 1985-ci ildə azadlığa buraxılır. Azad edildiyi gün Bakıya etap olunur.

Valentin Zasimov azadlığa çıxdıqdan bir gün sonra oğlu Saşa (Aleksandr) ilə. Bakı, Dənizkənarı Bulvar, 26 oktyabr 1985-ci il

V.Zasimov həbsdən çıxdıqdan sonra oxşar cinayətlərə görə məhkum edilən bir çox şəxslərdən fərqli olaraq bəraət almaq üçün heç bir instansiyaya müraciət etmir. O, bundan sonra SSRİ hüdudlarını da heç vaxt tərk etmir. Yenidənqurma dövründə fəaliyyəti daha da canlanan bir çox keçmiş dissidentlərdən, SSRİ-də insan haqları ilə bağlı mübarizə aparan şəxslərdən fərqli olaraq V.Zasimov sakit həyat yaşamağı üstün tutur. O təlatümlü illərdə belə siyasətlə maraqlanmır, mitinqlərə qatılmır.

Həbsdən sonra onun ailəsi də dağılır. Azadlığa çıxdıqdan sonra həyat yoldaşı ilə görüşür, onlar danışırlar, ancaq Zasimovun ailəsini geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnir. Həbsdən sınmış halda çıxan Zasimov bu hadisədən sonra heç nə planlaşdırmır və taleyində yaxşı nəyəsə ümid etmir.

Valentin Zasimov azadlığa çıxdıqdan bir neçə il sonra

Keçmiş pilot həbsdən sonrakı iki il ərzində Bakıda adi qaz avadanlıqları çilingəri işləyir. Sonra Moskvaya köçür. Burada əvvəlcə qazanxanada, daha sonra digər işlərdə çalışır. Bir vaxtlar etdiyi hərəkətlə beynəlxalq insidentin yaranmasına səbəb olmuş V.Zasimov 1995-ci ildə – 56 yaşında ikən Rusiya paytaxtında ürəktutmasından vəfat edir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər