18 May 2022 10:43
2 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya və İsveçin onilliklərdir yürütdükləri neytrallıq siyasətindən əl çəkərək NATO-ya daxil olmaqla bağlı qərar qəbul etmələri çox da uzaq olmayan dövrdə baş verən bir hadisəni yada salır. Bu da 105 gün (30 noyabr 1939-12 mart 1940) davam edən sovet-fin müharibəsidir.

Teleqraf.com Rusiya-Finlandiya münasibətlərinin pisləşdiyi indiki mərhələdə bu müharibə ilə bağlı məqalə hazırlamağı zəruri hesab edib.

Sovet-fin müharibəsinin döyüşləri çox qanlı və gərgin keçib. Bu müharibədə sovet tərəfində 126 mindən çox insan həlak olub və itkin düşüb, 246 min insan isə yaralanıb və “kontuziya”ya məruz qalıb. Bu rəqəmlərə fin tərəfinin itkilərini də - müvafiq olaraq 26 min və 43 min itkini əlavə etsək – o zaman əminliklə deyə bilərik ki, “Qış müharibəsi” öz miqyasına görə, İkinci Dünya müharibəsinin ən böyük döyüş meydanlarından biri olub.

1939-cu il noyabrın 30-da tarixə “Qış müharibəsi” kimi düşən sovet-fin müharibəsi başlayır. Sovet komandanlığı kampaniyanı iki həftəyə başa çatdırmağı və qələbəni 1939-cu il dekabrın 21-də 60 yaşı tamam olan Stalinə hədiyyə etməyi planlaşdırırdı.

Noyabrın 30-da atışma və bomba partlayışları eşidilir, lakin ilk təbliğat yaylım atəşi bir ay əvvəl eşidilir.

Hadisələrin tarixi

1939-cu ilin payızında Finlandiya və Sovet İttifaqı arasında ərazi məsələləri üzrə yüksək səviyyəli danışıqlar gedirdi. Bu danışıqlar çərçivəsində Finlandiya Kareliya “pereşeyka”sında (iki qitəni və ya materiki yarımada ilə birləşdirən və ya iki su hövzəsi arasında yerləşən quru zolağı) bəzi rayonları və Finlandiya körfəzindəki adalarda müəyyən əraziləri Sovet İttifaqına verməli, habelə Hanko şəhərini icarəyə verməli idi. Bunun müqabilində Finlandiya ərazisinə görə, sovet Kareliyasından iki dəfə böyük, lakin daha az dəyərli ərazi alacaqdı.

Finlandiyanın bəzi güzəştlərə getməyə hazır olmasına baxmayaraq, danışıqlar 1939-cu ilin payızında Baltikyanı ölkələrin vəziyyətində olduğu kimi Sovet İttifaqı üçün məqbul nəticələrə gətirib çıxarmır. Məsələn, Hankonun icarəyə verilməsi Finlandiyanın suverenliyinin və neytrallığının pozulması kimi qiymətləndirilir.

Finlandiya İsveçlə bərabər neytrallığını qoruyaraq ərazi güzəştlərinə razı olmur

Əvvəllər, 1938-ci ildə və daha sonra 1939-cu ilin yazında Sovet İttifaqı Finlandiya körfəzindəki adaların təhvil və ya icarəyə verilməsinin mümkünlüyünü artıq qeyri-rəsmi olaraq tanımışdı. Demokratik bir ölkədə, o cümlədən Finlandiyada bu güzəştlər praktikada çətin ki, mümkün idi. Ərazilərin köçürülməsi minlərlə fin üçün evlərin itirilməsi demək olardı. Heç bir partiya, şübhəsiz ki, siyasi məsuliyyəti öz üzərinə götürmək istəməz. Sovet İttifaqına münasibətdə onlar həmçinin, qorxu və antipatiya yaşayırdılar. Burada biz digər şeylərlə yanaşı, minlərlə finin edam edildiyi 1937-38-ci illərdəki repressiyaları nəzərdə tuturuq. Bundan əlavə, 1937-ci ilin sonunda Sovet İttifaqında fin dilinin istifadəsi tamamilə dayandırılır. Findilli məktəblər və qəzetlər bağlanır.

Sovet İttifaqı həmçinin eyham vururdu ki, beynəlxalq fitnə-fəsad törədən Almaniya sovet sərhədini pozarsa, Finlandiya bitərəf qala bilməyəcək və ya bəlkə də qalmaq istəməyəcək. Finlandiyada bu cür göstərişlər ya başa düşülmür, ya da qəbul edilmir. Neytrallığı təmin etmək üçün Finlandiya və İsveç Aland adalarında birgə istehkamlar qurmağı planlaşdırırlar ki, bu da ölkələrin neytrallığını mümkün alman və ya sovet hücumundan kifayət qədər effektiv şəkildə qoruyacaqdı. Sovet İttifaqının etirazına görə İsveç bu planlardan əl çəkir.

Stalin: “Leninqradı geri çəkə bilmərik, sərhədi ondan uzaqlaşdırmalıyıq”

Müharibənin səbəbi SSRİ-nin şimal-qərb sərhədlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə sovet rəhbərliyinin Finlandiya sərhədini Leninqraddan (indiki Sankt-Peterburq) uzaqlaşdırmaq istəyi idi. Məsələ müzakirə olunarkən İosif Stalin deyir: “Biz coğrafiya ilə heç nə edə bilmərik, eynilə sizin kimi... Leninqrad geri çəkilə bilmədiyi üçün sərhədi ondan uzaqlaşdırmalıyıq”.

Finlandiya hökuməti hesab edirdi ki, sovet tələblərinin qəbulu dövlətin strateji mövqelərini zəiflədəcək, Finlandiyanın neytrallığını itirməsinə və SSRİ-yə tabe olmasına gətirib çıxaracaq. Sovet rəhbərliyi də öz növbəsində, onun fikrincə, Leninqradın təhlükəsizliyini təmin etmək üçün zəruri olan tələblərindən əl çəkmək istəmirdi.

Sovet-Finlandiya sərhədi Kareliya “pereşeyka”sında (Qərbi Kareliya) sovet sənayesinin ən böyük mərkəzi və ölkənin ikinci ən böyük şəhəri olan Leninqraddan cəmi 32 kilometr məsafədə keçirdi.

Qondarma Maynil insidenti

Sovet-Fin müharibəsinin başlamasının səbəbi qondarma Maynil insidenti idi. Sovet versiyasına görə, 1939-cu il noyabrın 26-da saat 15:45-də Maynil rayonuna fin artilleriyası 68-ci piyada alayının sovet ərazisindəki mövqelərinə yeddi mərmi atıb. İddialara görə, Qırmızı Ordunun üç əsgəri və bir kiçik komandir öldürülüb. Elə həmin gün SSRİ Xalq Xarici İşlər Komissarlığı Finlandiya hökumətinə etiraz notası ünvanlayır və Finlandiya qoşunlarının sərhəddən 20-25 kilometr geri çəkilməsini tələb edir.

Finlandiya hökuməti sovet ərazisinin atəşə tutulmasını inkar edir və təkcə Finlandiya deyil, həm də sovet qoşunlarının sərhəddən 25 kilometr kənara çıxarılmasını təklif edir. Bu formal bərabər tələb mümkün deyildi, çünki o zaman sovet qoşunları Leninqraddan çıxarılmalı idi.

Sovet qoşunları səhər tezdən Finlandiya sərhədini keçirlər

1939-cu il noyabrın 29-da Finlandiyanın Moskvadakı nümayəndəsinə SSRİ ilə Finlandiya arasında diplomatik münasibətlərin kəsilməsi haqqında nota təqdim edilir. Noyabrın 30-da səhər saat 8-də Leninqrad cəbhəsinin qoşunları Finlandiya ilə sərhədi keçmək əmri alırlar. Həmin gün Finlandiya Prezidenti Kyuyesti Kallio SSRİ-yə müharibə elan edir.

SSRİ-də “yenidənqurma” zamanı Maynil insidentinin bir neçə versiyası məlum olur. Onlardan birinə görə, 68-ci alayın mövqelərinin atəşə tutulması NKVD-nin gizli bölməsi tərəfindən həyata keçirilib. Başqasının dediyinə görə, ümumiyyətlə atışma olmayıb, noyabrın 26-da 68-ci alayda nə ölən, nə də yaralanan olub. Sənədli təsdiq almayan başqa versiyalar da var idi.

Müharibənin lap əvvəlində qüvvələrdə üstünlük SSRİ-nin tərəfində idi. Sovet komandanlığı Finlandiya ilə sərhəd yaxınlığında 21 stıcı diviziya, bir tank korpusu, üç ayrı tank briqadası (cəmi 425 min nəfər, təxminən 1,6 min silah, 1476 tank və təxminən 1200 təyyarə) cəmləşdirir. Quru qüvvələrini dəstəkləmək üçün Şimal və Baltik donanmalarından 500-ə yaxın təyyarə və 200-dən çox gəminin cəlb edilməsi planlaşdırılırır. Sovet qoşunlarının 40%-i Kareliya “pereşeyka”sında yerləşdirilir.

Fin qoşunlarının qruplaşmasında 300 minə yaxın insan, 768 silah, 26 tank, 114 təyyarə və 14 döyüş gəmisi var idi. Finlandiya komandanlığı qüvvələrinin 42%-ni Kareliyada cəmləşdirir və orada ayrıca ordu yerləşdirir. Qoşunların qalan hissəsi Barents dənizindən Ladoqa gölünə qədər ayrı-ayrı əraziləri əhatə edirdi.

Finlandiyanın əsas müdafiə xətti “Mannerheym xətti” idi – unikal, keçilməz istehkamlar. “Mannerheym xətti”nin əsas memarı təbiətin özü idi. Onun cinahları Finlandiya körfəzi və Ladoqa gölündə dayanırdı.

30 noyabr 1939-cu ildə uzun artilleriya hazırlığından sonra sovet qoşunları Finlandiya ilə sərhədi keçərək Barents dənizindən Finlandiya körfəzinə qədər olan cəbhədə hücuma keçirlər. 10-13 gün ərzində onlar müəyyən istiqamətlərdə əməliyyat maneələri zonasını keçərək “Mannerheym xətti”nin əsas zolağına çatırlar. İki həftədən artıq onu keçmək üçün uğursuz cəhdlər davam edir.

Dekabrın sonunda sovet komandanlığı Kareliya “pereşeyka”sında növbəti hücumu dayandırmaq və “Mannerheym xətti”ni keçmək üçün sistemli hazırlıqlara başlamaq qərarına gəlir.

“Mannerheym xətti”ni yarmaq son dərəcə çətin olur

Cəbhə müdafiəyə keçir. Qoşunlar yenidən qruplaşdırılır. Karelya “pereşeyka”sında Şimal-Qərb Cəbhəsi yaradılır. Qoşunlar əlavə şəxsi heyətlə doldurulur. Nəticədə Finlandiyaya qarşı yerləşdirilən sovet qoşunlarının sayı 1,3 milyondan çox insan, 1,5 min tank, 3,5 min silah və üç min təyyarə idi. 1940-cı il fevralın əvvəlinə fin tərəfinin 600 min şəxsi heyəti, 600 silahı və 350 təyyarəsi var idi.

11 fevral 1940-cı ildə Kareliyada istehkamlara hücum yenidən başladı – Şimal-Qərb cəbhəsinin qoşunları 2-3 saatlıq artilleriya hazırlığından sonra hücuma keçir.

İki müdafiə xəttini keçərək, fevralın 28-də sovet qoşunları üçüncü yerə çatır. Finlərin müqaviməti qırılır, onlar bütün cəbhə boyu geri çəkilməyə məcbur edilirş. Sovet qoşunları hücumu inkişaf etdirərək, şimal-şərqdən fin qoşunlarının Vıborq qruplaşmasını ələ keçirirlər, Vıborqun çox hissəsini tuturlar, Vıborq körfəzini keçir, Vıborq möhkəmləndirilmiş ərazisini aşır və şimal-qərbdən Helsinkiyə gedən magistral yolu kəsirlər.

“Mannerheym xətti”nin süqutu və fin qoşunlarının əsas qruplaşmasının məğlubiyyəti finləri çətin vəziyyətə saldı. Bu şəraitdə Finlandiya sülh xahişi ilə sovet hökumətinə müraciət edir.

1940-cı il martın 13-nə keçən gecə Moskvada sülh müqaviləsi imzalanır, müqaviləyə əsasən Finlandiya ərazisinin onda birini (11 faizini) SSRİ-yə verir və SSRİ-yə düşmən olan koalisiyalarda iştirak etməyəcəyinə söz verir. Martın 13-də hərbi əməliyyatlar dayandırılır.

Moskva müqaviləsi nəticəsində Finlandiya ərazisinin 11%-ni (ikinci böyük şəhəri olan Vıborqla birgə) itirdi

Müqaviləyə əsasən, Kareliya “pereşeyka”sında sərhəd Leninqraddan 120-130 kilometr uzaqlaşdırılır. Sovet rəhbərliyinin təbirincə desək, Leninqrad üçün təhlükəsizlik zonası yaradılır. Vıborqla birgə bütün Kareliya “pereşeyka”sı, adalarla birgə Vıborq körfəzi, Ladoqa gölünün qərb və şimal sahilləri, Fin körfəzindəki bir sıra adalar, Rıbaçı və Sredniy yarımadalarının bir hissəsi Sovet İttifaqına keçir. SSRİ Ladoqa gölünün bütün akvatoriyasını nəzarətə götürür. Həmçinin, Hanko yarımadası və onun ətrafındakı dəniz ərazisi SSRİ tərəfindən 30 il müddətinə icarəyə götürülür. Bu, Baltik Donanmasının mövqeyini yaxşılaşdırır.

Sovet-Fin müharibəsi nəticəsində sovet rəhbərliyinin qarşısına qoyduğu əsas strateji məqsədə – şimal-qərb sərhədinin təhlükəsizliyinə nail olundu. Lakin Sovet İttifaqının beynəlxalq mövqeyi daha da pisləşir: o, Millətlər Liqasından çıxarılır, İngiltərə və Fransa ilə münasibətlər pisləşir, Qərbdə antisovet kampaniyası başlayır.


Müəllif: Səxavət Həmid