8 İyul 2023 21:32
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla şərti sərhəddə və ölkəmizə qarşı təxribatların davam etdiyi digər istiqamətlərdə növbəti hərbi əməliyyat ehtimalı yüksəkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert belə bir əməliyyata Ermənistanın bu istiqamətdə əl atacağı yeni təxribatların zərurət yaradacağını bildirib:

“Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə növbəti görüş keçiriləcək. Həmişə olduğunu kimi, vasitəçi yenə də Şarl Mişeldir. Azərbaycan bu və bundan sonra keçiriləcək danışıqlarda tələbləri bəllidir. Ermənistan Xankəndi və ətrafında qanunsuz yerləşdirdiyi hərbi qüvvələrini çıxarmalı, Qarabağ və anklavlar da daxil Azərbaycanın ərazi bütövlüyünü tanımalı və açılacaq nəqliyyat kommunikasiyalarında maneəsiz keçidi təmin etməlidir. Bütün bunlar Ermənistanın Rusiya, Brüssel və ABŞ-da keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəliklərə daxildir.

Ermənistan “şərtlər”i isə danışıqları pozacaq və sülhə mane olacaq cinsdəndir. “Xankəndi-Bakı dialoqu” kimi təxribatçı şərt irəli sürən İrəvan Qarabağ ermənilərinin gələcək taleyi üçün “beynəlxalq platforma” cəfəngiyyatını irəli sürür. Bu, Azərbaycana qarşı ərazi iddialarının pərdələnməsi və ərazimizdə separatizmin qorunub-saxlanılmasına yönəlmiş istəkdir. Hesab edirəm ki, Ermənistan sülhə və danışıqlara mane olan bu kimi “tələblər”indən geri çəkilməsə, açıq toqquşma qaçılmaz olacaq. Bu separatçı birləşmələrin qaldığı Qarabağla yanaşı, ermənilərin son zamanlar tez-tez təxribatlara əl atdıqları şərti sərhəd istiqamətində ola bilər”.

Məhəmməd Əsədullazadə bəzi ölkələrin Ermənistanı silahlandırmasına da diqqət çəkib:

“Fransa və Hindistan Ermənistana silah verir. İndi Ermənistan bu kiçik partiyalarla daxil olan silahlara arxayın olub təxribatlara əl atsa, Azərbaycanın verəcəyi cavab ona baha başa gələcək. İtirən Ermənistan olacaq.

Hindistan, Rusiya, İran və Fransadan fərqli olaraq, ABŞ və Avropa Birliyi maksimum çalışır ki, qarşıdurma olmasın, sülh müqaviləsi tezliklə imzalansın. Artıq hər ikisi, xüsusən də ABŞ yeni reallığı qəbul edib. ABŞ-ın İrəvandakı səfirinin “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsizlik yaşaya bilərlər” mesajı təsadüfi deyildi. Amma ənənəvi olaraq, Fransa, xüsusən də Rusiyadan qopa bilməyən Ermənistan onların təhriki ilə sülhdən yayınmağa çalışır. Paşinyanın “Sülh müqaviləsi imzalanmağa hazır deyil” və “Zəngəzur dəhlizi olmayacaq” mesajları da bundan xəbər verir. Görünür, Azərbaycan Ermənistanı növbəti dəfə cəzalandırmalı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər