10 Noyabr 2023 16:01
3 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi Qərb dairələrinin davranışları, ritorikası Cənubi Qafqazda sülhə mane olur”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi bəzi Qərb mərkəzlərinin Azərbaycanla Ukrayna arasında fərq qoyduqlarını bildirib:

“Qərb və Rusiyanın bəzi media orqanlarında qondarma rejimin liderlərinin Azərbaycan dövləti tərəfindən beynəlxalq və milli hüquq normalarına uyğun olaraq həbs etməsini qınamağa çalışan yazılar dərc olur. Rusiyanı bildik - bütün müqavimət və mane olmaq cəhdlərinə rəğmən, Azərbaycan dövlətinin onillərlə istifadə etdikləri adamların həbsindən, qurduqları oyunların indi etiraf olunacağından narahatdır.

Bəs Qərb mediasına, onların bəzi siyasətçilərinə nə gəlib?

Ukrayna haqq-azadlıq savaşı aparır, Rusiyanın işğal etdiyi və illərdir separatizm bəlası yaydığı bölgələrə təyin etdiyi və ya “seçilmiş” kimi görünən Kremlin adamlarını heç həbs də etmir, istənilən üsullarla məhv edir. Qərb mediası bunu alqışlayır, Kiyevin addımlarını haqlı sayır. Buna sözüm yoxdur, düz edir. Bəs həmin Rusiyanın onillərlə dəstəklədiyi və təyin edib qoruduğu separatçıları Azərbaycan həbs edəndə niyə narahat olanlar tapılır?

Hər görüşdə, onlarla hər müzakirədə bu məsələləri qabardırıq. Bəzi Qərb dairələrinin davranışları, ritorikası Cənubi Qafqazda sülhə mane olur, Kremlin çörəyinə yağ sürtür, ikili standarlar olduğu fikrini Azərbaycan cəmiyyətində yayılmasına səbəb olur. Bunlar isə məmləkətimizin Avropa və Qərb insitutları ilə yaxınlaşmasına maneə yaradır, ölkədə Avropa Birliyi ilə strateji əməkdaşlıqdan yana olan siyasi qüvvələrin hekayəsini zəiflədir. Bu qədər yanlışlıq olmaz”.

Natiq Cəfərli qeyd edib ki, Ermənistanın illərlə Rusiyanın dəstəyi ilə apardığı işğalçılıq siyasəti, separatizm haqq-ədalət və demokratiya davası deyildi, sırf işğal, torpaq iddiası idi:

“Azərbayan ordusu bu məsələni özü çözdü. Qərb Ukraynaya böyük dəstək göstərir, doğru edir, amma biz köməksiz, öz gücümüzə separatizm bəlasının kökünü qazdıq. Rusiya və SSRİ imperiyasının basdırdığı “mina”nı təmizləyən ilk, hələlik yeganə ölkəyik. Gürcüstan, Moldova və Ukraynanın da bu bəladan qurtulmasını istəyirik. Bundan başqa, post-sovet məkanında (Baltikyanı ölkələr xaric) NATO ölkəsi ilə (Türkiyə) qarşılıqlı ərazi bötövlüyünün qorunması, ordularımızın birgə hərəkəti ilə bağlı müqaviləsi olan yegənə ölkə olduq. Bunları görməyənlər, dəyərləndirməyənlər siyasətdən bixəbərdirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər