18 Mart 10:11
4 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın separatçı Dnestryanı bölgəsindəki hərbi hissə PUA ilə vurulub. Separatçıların mənbələri baza ərazisində hədəfin helikopter olduğunu, dronun Ukraynanın Odessa vilayətindən atıldığını iddia edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

İnstitut bildirir ki, hücumu Ukrayna təşkil etməyib, Moldovada sabitliyi pozmaq istəyən Rusiyadır.

Dnestryanıdakı qondarma parlamentin sədri Aleksandr Şerba yaranmış vəziyyətə görə Ukraynanı ittiham edib. Moldova hökuməti isə vurulan vertolyotun illərdir uçmadığını və zərbənin qəsdən ölkədə qorxu və panika yaymaq məqsədi daşıdığını açıqlayıb. Eyni zamanda, rəsmi Kişinyov baş verənlərə görə birbaşa Dnestryanı separatçıları və ya Rusiyanı ittiham etməyib. Ukrayna isə Rusiyanı günahlandırıb. Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov hücumu “Rusiyanın təxribatı” adlandırıb.

Dnestryanıdakı qondarma qurum bu yaxınlarda “Moldovadan müdafiə” tələbi ilə Rusiyaya müraciət edib. ISW əmindir ki, bu təxribatın təşkilatçıları Rusiya və ya onunla əlaqəli qurumlardır. Amerikalı analitiklərə görə, bunlar Moldovada sabitliyi pozmağa yönəlmiş müxtəlif hibrid əməliyyatlara haqq qazandırmaq məqsədilə informasiya zəmini yaratmaq və Kremlin davamlı səylərini asanlaşdırmaq üçün lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu