27 Mart 22:58
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda kilsə və revanşistlər Azərbaycana qarşı təlimatları xaricdən alırlar.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Nikol Paşinyan 4 kəndin Azərbaycana qaytarılacağını açıqlayan kimi, revanşistlər fəallaşıblar. Bu qruplaşmaların əsas məqsədi kəndlərin Azərbaycana qaytarılmasına mane olmaqdan çox Paşinyana qarşı kütləvi etirazlar formalaşdırmaq, silahlı yolla onu devirməkdir. Bu qruplar kilsə ilə birgə hərəkət edir. Daha doğrusu, “xeyir-dua”nı kilsə verib. Revanşistlər kütləvi etirazlara Tavuş vilayətindən başlamağa çalışırlar. Bu da təsadüfi deyil, çünki Azərbaycana qaytarılacaq kəndlər bu istiqamətdə yerləşir”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyan 4 kəndi danışıqlar yolu ilə qaytarmağı planlaşdırır:

“Xatırladım ki, Ermənisanın Gürcüstanla sərhədin delimitasiyası prosesində bir kəndi Tiflisə təhvil verəcəyi barədə məlumat var. Amma revanşistlər və kilsə bu məsələyə etiraz etmir. Çünki bu məsələ onlara təlimat verən xarici mərkəzlərin marağında deyil, ona görə ki, Tiflislə İrəvan arasında münaqişə zəmini yoxdur. Azərbaycanla Ermənistan arasında isə yenidən toqquşmaya səbəb ola biləcək gərginlik var. İndi həmin mərkəzlər bundan gen-bol istifadə etməyə çalışırlar.

Ermənistan daxilindəki hazırkı gərginliyin arxasında kilsə, Serj Sərkisyan və Robert Köçəryanın başında dayandığı “Qarabağ klanı” və Rusiyada bəzi mərkəzlər dayanır. Bununla bir neçə məqsədlərinə çatmaq istəyirlər. Birincisi, sülh müqaviləsinin bağlanmasının qarşısını almaqdır. İkincisi, sərhəddə toqquşma yaratmaqla daxildə Paşinyana qarşı etirazları alovlandırmaqdır. Üçüncüsü, yaranmış vəziyyətdən istifadə edərək silahlı çevrilişə əl atmaqdır. Rusiya bu məqsədlərinə nail olmaq üçün erməni ordusu daxilindəki şəbəkəsindən istifadə edə bilər.

Nikol Paşinyan da boş dayanmır, hazırda onun əsas işi bu qrupları zərərsizləşdirmək, öz hakimiyyətini möhkəmlətməkdir. ABŞ və Avropa Birliyi də Paşinyanın təhlükəsizliyini təmin edir. Hesab edirəm ki, Paşinyan daxildəki prosesləri idarə edə bilir. Qalır 4 kəndin qaytarılması məsələsi, bu da tezliklə həllini tapacaq. Revanşistlərin fəallığı, Kremlin qızışdırıcı bəyanatlarına baxmayaraq, daxildəki etirazların kütləviləşməməsi də işlərin hələlik rəvan getməsindən xəbər verir. Proses başlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu