27 İyul 2015 23:05
3 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə Türkiyə ordusu və PKK silahlıları arasındakı qarşıdurmanın getdikcə şiddətlənməsinə dair məlumatlar var.

Hökumət mənbələri və PKK tərəfindən yayılmış məlumatlarda savaşlarda hər gün yeni itkilərin verildiyi deyilir.
Bu günlərdə Türkiyənin Şərqi Anadolu bölgəsində də gərginliyin artması diqqəti cəlb edib. Son günlərdə etnik azərbaycanlıların kompakt yaşadıqları İqdır-Qars bölgəsində bir neçə tir və yük maşını saxlanılaraq onlara od vurulub.

Bu hücumlarda İqdır-Qars yolunda 13 nəqliyyat vasitəsi, o cümlədən 8 tir maşınına hücum edilərək yandırılıb.

"Mutlular" şirkəti

Həm Türkiyə mətbuatı, həm də hücuma məruz qalan şəxslər bu hadisələrdə PKK-nın iştirakından bəhs etsə də, hələlik PKK məsuliyyəti öz üzərinə götürən bəyanat verməyib.

Türkiyə hökuməti də 13 maşının yandırılmasının səbəbləri ilə bağlı açıqlama verməyib. Yandırılmış tir maşınlarından biri İqdırın “Mutlular” şirkətinə məxsus olub. Şirkətə məxsus tir, yüklənmək üçün İstanbula gedirdi. Şirkətin sahibi etnik azərbaycanlı İsmail Akandır. Onun sözlərinə görə, “PKK hücumları” İqdıra məxsus 3 giriş-çıxışda baş verib. “O istiqamətlərin hamısında bir gün fasilə ilə maşınlar yandırıldı”. O, hesab edir ki, “bununla PKK Türkiyə dövlətinə tələblərini qəbul etdirməyə çalışır”.

“Bu hadisələrin mesajı hökumətin kürd probleminin həlli ilə bağlı PKK və HDP-nin gözlədiyi güzəşt və imtiyazlara dövlətin getməməsidir”, Azərbaycan kökənli iş adamı əlavə edib. “Bu hadisə kürd-azəri problemi kimi görünmür. Bizim tirlə eyni anda yandırılan maşınların da, bizdən neçə gün sonra yandırılmış maşınları arasında HDP-yə səs vermiş adamların da tirləri olub” şirkətin Azərbaycan kökənli sahibi İsmail Akan deyir.

Şahid

BBC Azərbaycanca yandırılmış tirin sürücü Ahmet Şekerlə də danışıb. Ahmet Şekerin sözlərinə görə, özlərini PKK-lı kimi təqdim edən şəxslər ən son onun idarə etdiyi tiri saxlayıblar. "Axşam saat 18-də yolu kəsməyə başladılar. Maşınları dayandırdılar, bizi endirdilər. Təxminimə görə, 8 tir, 2 yük, 1 minik maşını idi. 19.30-20.00 olardı ki, maşınları yandırdılar”, yandırımış tirin sürücüsü Ahmet Şeker deyir.

O deyir ki, hücumçular özlərini PKK-lı kimi təqdim ediblər. “Biz Abdullah Öcalanın gənclik qollarıyıq. Baxaq, dövlətinizmi, yoxsa bizmi güclüyük. Gəlsin, dövlətiniz sizi qurtarsın, görək qurtara bilirmi?!” hücuma məruz qalmış sürücü, terrorçuların söhbətlərini belə xatırlayır.

Sürücünün sözlərinə görə, özlərini PKK-lı kimi təqdim edən şəxslər ən son onun idarə etdiyi tiri saxlayıblar. “Məndən sonra heç bir maşın saxlanılmadı. Hər halda, İqdır tərəfindən daha maşın gəlmədiyi barədə xəbərlər aldılar. Çünki mənim maşınımdan sonra heç bir maşın gəlmədi”, deyir tir sürücüsü.

Terrorçular saxladıqları şəxslərə qarşı demək olar ki, iltifatli davranıblar. Ahmet Şeker danışır ki, PKK-lılar “qorxmayın, sizə zərər verməyəcəyik” deyib onları sakitləşdiribər. “Lakin, maşınlardan endirilən uşaqlı-böyüklü təxminən 50-60 nəfərə üzlərini tutub “tir sürücüləri ayrılsınlar” deyə əmr etdilər. Tir sürücüləri 8 nəfər idik, bunu eşidən kimi düşündük ki, “hər halda, bu iş buraya qədərdir. Bitdik”. Bundan sonra tirlərimizə od vurdular. Amma özümüzə bir bir şey etdilər desəm, yalan olar”, deyir Ahmet Şəkər

.
“Mən onların 5-6 nəfərini gördüm. Qaranlıq olduğu üçün başqaları vardımı-yoxdumu, görə bilmədim. Onların əllərində silah var idi. Nəticənin nə olacağını bilmirdik. Düşündüm ki, bunlar, hər halda, burda bizi bitirəcək. İstər-istəməz can qşirin olur” Ahmet Şeker “o anda ağlınızdan nələr keçdi” sualına belə cavab verib.
Sürücü deyir ki, hücumçular maşınlar yandırıldıqdan sonra dağlara tərəf qaçıblar.

Ahmet Şeker hadisə zamanı 3 cib telefonu, 1 soyuducu, 1 bilgisayar, turk, amerikan, gürcü və Azərbaycan milli valyutalarına aid nəğd pullarını itirdiyini deyir. Ümumi mal itikisinin məbləğinin təxminən 7-8 min türk lirəsi dəyərində olduğunu deyir sürücü.

Tirin məxsus olduğu Mutular şirkətinin sahibi İsmail Akanın sözlərinə görə isə, hadisədən onun şirkətinə 250 min türk lirəsi zərər dəyib. Türkiyə qanunlarına əsasən, terrordan zərər çəkənlərin itkiləri dövlət tərəfindən ödənilir.

Şirkət sahibi İsmail Akan deyir ki, ona məxsus tirin kasko sığortası olduğundan maddi itikisi olmayıb.
“Düzdür, dövlət maddi zərərimizi ödəyir. Amma məsələ yalnız iqtisadi problemlə məhdudlaşmır. İşin psixoloji tərəfi var. Bu hadisədən sonra biz axşam saatlarında yola maşın çıxara bilmirik, nəticədə işimiz uzanır”, şirkət sahibi İsmail Akan deyir.

"Qaranlıq güclər"

ABŞ, Avropa İttifaqı və Türkiyə tərəfindən terrorçu təşkilat kimi tanınan PKK qrupunun siyasi qanadı kimi qəbul olunan HDP (Xalqaların Demokratikləşmə Patiyası) bu hücumu “dövlətlə PKK arasında problemlərdən qaynaqlanan hadisə” kimi qiymətləndirib.

HDP-nin İqdır millət vəkili Mehmet Emin Adıyaman BBC Azərbaycancaya deyib ki, İqdır-Qars istiqaməində tirlərin yandırılması sülh prosesinin rəfə qaldırılması üzündən və kürd partizanlarla dövlət arasında problemlər yaşanmasından qaynaqlanır.

“Bunun nə kürdlərlə, nə də azərilərlə özəl bir əlaqəsi yoxdur. Belə anlaşılması da son dərəcə yanlışdır. Bu gün də, sabah da, bundan sonra illər boyu kürdlərlə azərilər qardaş, dost kimi birlikdə yaşamağa davam edəcəklər”, HDP-nin parlament təmsilçisi deyib.

Bununla belə, HDP təmsilçisinın fikrincə, tirlərin yandırılması hadisəsi PKK-nın adına yazılmasını söyləmək “tələskənlik” olar. “Hələ ki, nə PKK, nə də dövlətin səlahiyyətli orqanları bu mövzuda açıqlama verməyiblər. Maşınların yandırılması kimi fərdi hadisələrı bəzən PKK, bəzən qaranlıq güclər edir. PKK rəsmi olaraq məsuliyyəti öz üzərinə götürmədiyi üçün biz “tirləri PKK yandırdı” deyə bilmərik. PKK-nın məsuliyyəti üzərinə götürmədiyi durumlarda dövlət araşdırmalıdır”, HDP təmsilçisi Mehmet Emin Adıyaman əlavə edib.


Müəllif:

Oxşar xəbərlər