18 Oktyabr 2015 00:01
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan xalqı və dövləti üçün ən əziz günlərdən biridir. Belə ki, 24 il bundan əvvəl, 1991-ci ilin oktyabrın 18-də keçirilmiş Azərbaycan SSR Ali Sovetinin tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edilib.

Konstitusiya aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini - bütün təbii sərvətlərin xalqa məxsus olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Daha sonra isə dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi. Azərbaycan dünya dövlətləri tərəfindən tanındı, BMT və ATƏT-ə üzv qəbul olundu.

Qeyd edək ki, bundan daha öncə - 1991-ci ilin martın 7-də Azərbaycan Ali Soveti Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamasına dair referendum keçirilməsinin lehinə səs verib. Ali Sovetin 350 deputatından cəmi 43-ü, o cümlədən milli lider Heydər Əliyev referendumun keçirilməsinin əleyhinə çıxıb, Azərbaycanın müstəqilliyinin lehinə səs verib.

“Müstəqil dövlətimiz bu gün etibarlı əllərdədir”

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulunun Azərbaycanın müasir tarixində xüsusi yer var. O qeyd edib ki, 18 oktyabra gedən yol çox ağır bir tarixdir: “Çünki həmin dövrdə Azərbaycanda mürəkkəb proseslər baş verirdi. Respublika dağıdılmış, viran edilmiş, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı. Xüsusilə, 1988-ci ildə keçmiş SSRİ mərkəzi hakimiyyətinin dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları qaldıran Ermənistan həmin ilin fevral ayından 1991-ci ilin dekabrına qədər xalqımıza qarşı qanlı cinayətlər törətdilər. Belə ki, Qərbi Azərbaycan torpaqlarından bütün azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar və deportasiya edildilər. Amma soyqırımı cinayətləri, 1990-ci ildə törədilən 20 Yanvar faciəsi, keçmiş SSRİ mərkəzi hakimiyyətinin və onların əlaltısı olan ermənilərin qanlı əməlləri xalqımızı azadlıq yolundan döndərə bilmədi. Beləliklə, müstəqilliyimizin bərpası tökülən qanlar hesabına əldə olundu. Biz 30 min nəfərdən çox şəhid vermişik, 945 yaşayış məntəqəmiz işğalçılar tərəfindən məhv edilib, ekologiyamıza ağır zərbə vurulub, ərazilərimiz talan edilib. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların sayı 1 milyon 500 min nəfərə çatıb”.

C.Bəhramov qeyd edib ki, heç şübhəsiz 18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı mühüm sənəddir: “Belə ki, bu sənəd Azərbaycanın müstəqilliyinin bərpasını özündə ehtiva edir. Eyni zamanda, bununla 1918-1920-ci ildə mövcud olmuş müstəqil dövlətimiz yenidən bərpa olundu. Konstitusiya Aktında da vurğulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Beləliklə, xalqımız vaxtilə süqut etmiş dövlət müstəqilliymizi bərpa etdi. Əminliklə demək olar ki, müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir”.

“Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi birbaşa ümummilli liderin adı ilə bağlıdır”

Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, professor Anar İsgəndərov isə müstəqillik gününün hər bir xalqın tarixində əvəzedilməz bir gün olduğunu bildirib. O qeyd edib ki, məhz müstəqillik günü həm ölkənin, həm də xalqın gələcək tarixi üçün başlanğıc nöqtəsidir: “Bu nöqteyi-nəzərdən 18 oktyabr tarixi Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli günlərdən biridir. Hesab edirəm ki, SSRİ adlanan imperiyada gedən proseslər bu imperiyanın dağılmasını labüd edirdi. Əslində, 1991-ci ilin 18 oktyabrında Azərbaycan yeni bir dövlət yaratmırdı, sadəcə, 1918-ci ildə yaradılmış Azərbaycan dövlətçiliyi bərpa olunurdu. Bu baxımdan proseslərə qiymət verərkən mütləq nəzərə almaq lazımdır ki, müstəqilliyə aparan yol ilk növbədə sovet dövlətində baş verən sırf iqtisadi, siyasi, sosial proseslərin məntiqi davamı, məntiqi nəticəsi idi. Sovet İttifaqının güclü olacağı təqdirdə heç şübhəsiz ki, müstəqillik ideyasının reallaşması üçün münbit şərait olmazdı. Ancaq Sovet İttifaqının dağılması prosesi artıq labüdləşmişdi”.

A.İsgəndərov qeyd edib ki, ABŞ ekspertlərinin hesablamalarına görə, SSRİ təkcə hərbi xərclərə büdcənin 50 faizini ayırırdı: “SSRİ ABŞ-la yarışa və mübarizəyə, təbii ki, duruş gətirə bilməzdi. 1991-ci ildə onun dağılması labüd idi və bu, reallaşdı. Ondan sonra Sovet İttifaqı tərkibində olan bir çox xalqlar kimi, Azərbaycan xalqı da öz müstəqilliyini qazandı. Lakin ümummilli lider Heydər Əliyevin təbirincə desək, müstəqilliyi qazanmaq işin başlıca cəhəti olsa da, əsas məsələ həmin müstəqilliyi qoruyub saxlamaqdan ibarət idi. Çünki müstəqilliyin əldə edilməsi hələ onun davamlı olaraq qalacağı demək deyil. Tarix göstərir ki, müstəqillik əldə edildikdən sonra bəzi qüvvələr baş qaldırır və yenidən əvvəlki vəziyyətə qayıtmaq istəyən qüvvələr fəallaşırlar. Biz Azərbaycanda da bunun şahidi olduq. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər bunun əyani sübutudur. Bütövlükdə 18 oktyabr hadisəsi sovet məkanında baş verən geosiyasi proseslərin məntiqi nəticəsi idi və bu proseslərdən Azərbaycan xalqı səmərəli şəkildə yararlana və öz müstəqilliyini elan edə bildi. Bütün bunlardan sonra isə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan 1993-cü ildən sonrakı dövrdə həm iqtisadi, həm siyasi və həm də digər sahələr üzrə regionda böyük gücə və potensiala malik dövlətə çevrildi. Bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər