Deputat Zahid Orucla bağlı yazılı qərar qəbul olunmayıb.
Teleqraf.com xəbər verir ki, dünən mediada Milli Məclisin İntizam Komissiyasında parlamentin son iclasında spiker Oqtay Əsədovla Zahid Oruc arasında yaranan mübahisəyə hüquqi qiymət verildiyi haqda xəbərlər yayılıb.
Deputatların bir neçə saat ərzində qərar qəbul etmək üçün müxtəlif təkliflər irəli sürmələri, məsələni sərtləşdirmədən yoluna qoymağa çalışmaları barədə məlumatlar əldə etmişik.
Belə ki, millət vəkili Zahid Orucun hüquqi-siyasi cəhətdən əsaslandırılmış çıxışından sonra səsvermə keçirilməsi təklif olunsa da, bir neçə deputat məsələnin daha uzlaşılmış formada həllini vacib sayaraq yenidən parlamentin sədri ilə müzakirəni məqsədəuyğun hesab ediblər.
Məsələ ilə bağlı sorğumuza cavab vermək üçün Komissiyanın iclasında iştirak edən millət vəkili Fazil Mustafa bu haqda ətraflı danışmaq istəməsə də, spikerin bir neçə həmkarının belə bir təşəbbüsünə qarşı yüksək anlayış göstərdiyi barədə məlumatın doğru olduğunu qeyd etdi.
Bundan sonra şifahi qərarla məsələni yekunlaşdırmağa razı olan Komissiya üzvləri mübahisəni daha da gərginləşdirmədən həll etməyə üstünlük veriblər.
Fazil Mustafa həmkarı Zahid Orucu həmişə dövlət və cəmiyyət maraqlarını müdafiə edən dəyərli və intellektual siyasətçi kimi tanıdığını bildirdi.
Dünənki iclasla bağlı Zahid Orucun özü ilə əlaqə qurmaq cəhdlərimiz təəssüf ki, baş tutmadı.
Cavidan