30 İyun 2016 14:56
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəsə aydın idi ki, İraqda və Suriyada İŞİD-ə qarşı aparılan genişmiqyaslı əməliyyatlar İŞİD-in bu ölkələrdə manevr imkanlarını müəyyən qədər daraldacaq. Gözlənilirdi ki, İŞİD buna cavab verərək ona qarşı koalisiyaya qoşulan ölkələrin ərazilərində, daha çox Avropa ölkələrində terror aktları həyata keçirəcək. Dünyanın bir sıra kəşfiyyat xidmətləri bu haqda xəbərdarlıqlar da etmişdi. Hətta dəqiq informasiya vardı ki, İŞİD üzvləri Avropada terrora hazırlaşırlar. Sonda terror aktı İstanbulda baş verdi. Nəzərə alın ki, terrorun baş verdiyi Atatürk hava limanı da coğrafi baxımdan Avropada yerləşir. Bu baxımdan kəşfiyyat məlumatları özünü doğrultdu. Hadisə Avropada baş verdi, lakin Türkiyənin ərazisində”.

Teleqraf.com xəbər verir ki, bunu milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, AzDP sədri Sülhəddin Əkbər ötən gün İstanbulun Atatürk adına hava limanında baş verən dəhşətli terror aktı, bunun kimlər və hansı məqsədlə törədilməsi haqda sualı şərh edərkən deyib.

Xüsusi xidmət orqanının sabiq rəsmisi söyləyib ki, Avropada xüsusi xidmət orqanları qarşılıqlı əlaqə şəraitində aktiv iş aparır: “Türkiyə isə İraq və Suriya ilə sərhəddə yerləşdiyi, eləcə də bu ölkədə İŞİD-in geniş şəbəkəsi olduğuna görə, terror əməliyyatlarını burada keçirmək daha asan başa gəlir. Çünki hələ də İraq və Suriya ərazilərindən İŞİD üzvlərinin Türkiyəyə sızması halları baş verir. Məsələn, bu gün səhər İŞİD-in iki üzvü Suriya-Türkiyə sərhədini keçmək istəyərkən ölü olaraq yaxalanıb və məlum olub ki, bunlardan biri canlı bomba olaraq axtarılırmış.

İkincisi, terror hadisəsində məkanın və zamanın seçilməsi simvolik olur. Çünki hər bir terror təşkilatı terroru törədərkən həm də mesajlar vermək istəyir. Atatürkdə baş verən terrorun mesajı bundan ibarətdir ki, biz Türkiyənin ən mədəni və ciddi qorunan yerində belə terror törədə bilirik. Bununla həm öz tərəfdarlarına mesaj verilir ki, ruhdan düşməsinlər, çünki istənilən yerdə əməliyyat keçirə bilirik və gücümüzü itirməmişik. Digər tərəfdən isə Türkiyəyə xəbərdarlıq mesajı verilir. Çünki Ankara İŞİD-ə qarşı ciddi addımlar atır. Həm sərhəd bölgələrində, həm də ərazilərində ciddi əməliyyat aparır.

Düzdür, hələlik son terror aktının İŞİD tərəfindən edildiyi təsdiq olunmayıb, lakin terrorun tərzinə görə, bunun İŞİD tərəfindən törədildiyi ehtimal edilir”.

S.Əkbər bildirib ki, baş verənlər göstərir ki, Türkiyədə xüsusi xidmət orqanları daha ciddi çalışmalıdır:

“Prezident Ərdoğanın bu sahədə beynəlxalq əməkdaşlığa çağırış etməsi göstərir ki, Türkiyənin öz potensialı bu istiqamətdə yetərli olmur. Bu da, təbiidir. Çünki terror təşkilatları artıq qlobal şəbəkəyə sahib olduqları təqdirdə terrorla mübarizə qlobal səviyyədə aparılmır. Bu sahədə lazımı əməkdaşlıq, kəşfiyyat informasiya mübadiləsi yoxdur. Hətta xüsusi xidmət orqanları üçüncü ölkələrdə belə bir-birlərinə qarşı rəqabət aparırlar. Odur ki, xüsusi xidmət orqanları arasında əməkdaşlıq elə də asan olmur. Əldə olunan informasiyaya çox qısqanclıqla yanaşılır, çox həvəssiz olaraq informasiya paylaşılmasına gedilir.

Odur ki, bu problemlər mövcuddur. Nəzərə almaq lazımdır ki, terrorla mübarizə zamanı kəşfiyyat məlumatının anında ötürülməsi çox önəmlidir. İndi informasiya texnologiyaları o qədər inkişaf edib ki, dünyanın istənilən nöqtəsində anında əlaqə saxlamaq və göstərişlərin verilməsi mümkündür”.

Müsahibimiz daha sonra maraqlı bir informasiyanı da açıqlayıb: “Türkiyədə İŞİD-in geniş şəbəkəsi var. Dünən türk jurnalistlərindən biri 2015-ci ilin I yarısında Türkiyə Əmniyyət Kəşfiyyatının məlumatını səsləndirdi. Bu informasiyadan bəlli olur ki, Türkiyədə İŞİD-in 20 minə qədər tərəfdarı, dəstəkləyicisi və üzvü var. Bu, artıq konkret kəşfiyyat məlumatıdır.

Eləcə də müxtəlif sorğulara görə, Türkiyə əhalisinin 8-9 %-i radikal ekstremist təşkilatlara simpatiya bəsləyir. Türkiyənin 78 milyon əhalisinin olduğunu nəzərə alsaq, 8-9 % önəmli rəqəmdir”.

Sülhəddin Əkbər Türkiyədə baş verən terror hadisələrində Qərb ölkələrinin əli olmasına dair iddiaları da şərh edib: “Hazırda bu mövzu Azərbaycanda və Türkiyə mediasında gedir. Ancaq hansısa dövləti və onun xüsusi xidmət orqanını belə qanlı və amansız terrorla əlaqələndirmək, ona dəstək verdiyini iddia etmək üçün əldə ciddi və dəqiq faktlar olmalıdır. Yoxsa, bu terror kiməsə sərfəlidir deyərək belə nəticə çıxarmaq sadəcə fərziyyədir”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər