15 İyul 2016 09:47
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı nəticəsində yaranmış status-kvo qəbuledilməzdir. Azərbaycan ərazisinin hərbi işğalı həll yolu deyil və Ermənistanın arzuladığı siyasi nəticəyə gətirib çıxarmayacaq. Vəziyyət təxirə salınmadan dəyişilməlidir”.


Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1108 saylı iclasında Avstriya xarici işlər naziri Sebastian Kurzun çıxışına cavab bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Vyana və Sankt-Peterburq şəhərlərində aparılan yüksək səviyyəli danışıqlar substantiv və məhsuldar olub:

“Azərbaycan ümid edir ki, görüşlərdə əldə edilmiş anlaşmalar qısa vaxtda yerinə yetiriləcək. Rusiya Federasiyasının təklif etdiyi mərhələli həll münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün yeganə mümkün seçimdir. Bu yanaşma BMT Təhkükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və ATƏT-in qərarlarında, xüsusən də 1994-cü ilin Budapeşt sammitinin qərarında əksini tapıb. Qəbuledilməz status-kvonun dəyişməsi üçün işğalçı qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdır”.


Bəyanatda ATƏT və üzv dövlətlərin münaqişənin həllinə töhfə verməsinin vacibliyi vurğulanıb, Minsk qrupuun tam tərkibdə bu işə cəlb olunmasının vacibliyi qeyd edilib.


Bəyanatda qaçqın və məcburi köçkünlərə xüsusi diqqət yetirilməsinin lazım olduğu diqqətə çatdırılıb: “Qaçqın və məcburi köçkün problemlərinə, onların hüquqlarının bərpası üçün lazımi diqqətin göstərilməməsi bizi insan hüquqları ilə bağlı öhdəliklərdən uzaqlaşdırır. Növbəti sədrliyi vəziyyətin düzəldilməsi üçün imkanları nəzərdən keçirməyə çağırırıq”.


Xatırladaq ki, ATƏT Daimi Şurasının dünənki iclasında Avstriya xarici işlər naziri Sebastian Kurz ölkəsinin quruma sədrliyi dövründəki prioritetləri ilə bağlı çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinin də prioritet məsələ olacağını bildirib.

Qeyd edək ki, Avstriya 2017-ci ilin yanvarında ATƏT-ə sədrliyini Almaniyadan təhvil alacaq.


Müəllif: