3 Avqust 2016 14:50
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədəki 15 iyul hadisələri eynilə 1994-cü ildə Bakı şəhərində baş verməli idi. Orada parlamenti təyyarə ilə necə vurmuşdularsa, 1994-cü ildə Bakıda da eyni şəkildə olacaqdı. Bu planın dağıdılmasında mənim də əməyim oldu. Hesab edirəm ki, belə hadisələrdə düşmən əli olur. Bu birbaşa Qərbin əli ilə edilir”.

Bunu Teleqraf.com-a sabiq deputat, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül deyib.

Hacı Əbdül deyib ki, bu plan general Şahin Musayevin əli ilə hazırlanmışdı: “Bu prosesdə generallar, hərbçilər var idi. Bunu sabiq prezident Ayaz Mütəllibov da gözəl bilir. 1994-cü ildə Heydər Əliyev hakimiyyətdə idi. Sürət Hüseynovun birinci cəhdindən sonra Şahin Musayevin əməliyyatı ortaya çıxmışdı. Bu məsələlər işin gedişatında var. O vaxt buna görə yüzlərlə şəxs həbs edildi. Mənim özümü də həbs etdilər. Mən bu prosesdə var idim, lakin iştirak etmirdim. Əksinə, bu prosesi dağıtmaq üçün əlimdən gələni etdim”.

Hacı Əbdül daha sonra deyib ki, “Hizmət” Hərəkatının lideri Fətullah Güləni şəxsən tanımır: “Bunlar nurçu təriqətinin şəbəkəsidir. Dünyada vəhhabidən qorxurlar, çünki bu təriqət əsasən terrora, silaha üstünlük verir. Odur ki, insanlar radikal təriqət kimi vəhhabilərdən çəkinirlər. Ancaq nurçular onlardan fərqli olaraq pambıqla baş kəsirlər. Onlar daha təhlükəlidirlər. Mənim Fətullah Gülənlə şəxsi tanışlığım yoxdur, amma 1989-cu ildən başlayaraq onların hərəkətlərini və ideyalarını izləyirəm. Sonda da nə istədiklərini gördük. Onlar bizim ölkəmizdə də kök salıblar. Onlar vəhhabilərdən qat-qat təhlükəlidir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər