Fərid Şahbazlı: "Konsitutsiyaya təklif olunan dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq"
"Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim edilməsi müasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. Ümumiyyətlə, Konstitusiya islahatlarının aparılması bütün demokratik cəmiyyətlərə xas bir xüsusiyyətdir".
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı danışarkən deyib. O bildirib ki, Konstitusiyanın dünyada və ölkədə gedən proseslərə uyğun bir şəkildə inkişafı tam bir qanunauyğunluqdur: "Konsitutsiyaya təklif olunan dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır. Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqca mürəkkəb proseslərin fonunda dövlətimizin milli təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır".
F.Şahbazlının sözlərinə görə, təklif olunan dəyişikliklərə əsasən vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda idarəetmədə yeni çevik və optimal mərhələnin əsası qoyulacaq, 18 yaşına çatmış hər bir vətəndaşa vətəndaşlıq hüququndan tam istifadə imkanı yaradacaq: "Bütövlükdə Konsitutsiyaya təklif olunan bu və digər dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".