“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması ilə əlaqədar bu gün “Bələdiyyə” adlı təşəbbüs qrupunun yaradılması məqsədilə “Badamdar Hotel Baku”da geniş yığıncaq keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı Sərəncamla Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na ümumxalq səsverməsinin (referendum) təyin edildiyini bildirib. Qeyd edilib ki, ümumxalq səsverməsi üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaqlar keçirilib. Bugünkü tədbirdə təşviqat qrupunun yaradılması ilə əlaqədar təşəbbüs qrupunun formalaşdırılması üçün 69 ilkin təşəbbüs qrupundan 348 nümayəndə iştirak edir.
H.Hüseynov Referendum Aktı layihəsinə əsasən, Konstitusiyanın 23 maddəsinə dəyişiklik olunmasının, 6 yeni maddənin isə əlavə edilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, təklif olunan həmin 23 dəyişikliyin 16-sının, yəni, dörddə üçünün insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar olmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Yığıncağın keçirilməsi üçün yetərsay müəyyən edildikdən sonra sədr və katib seçilib, gündəlik səsə qoyularaq təsdiqlənib.
Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mahiyyətindən danışıb. Ə.Mehdiyev yığıncaq iştirakçıları arasında bələdiyyə üzvləri və qulluqçuları ilə yanaşı, bələdiyyələrin ərazisində yaşayan tanınmış şəxslərin də iştirak etdiklərini vurğulayıb. Assosiasiyanın sədri təşəbbüs qrupunun “Bələdiyyə” adlandırılmasını təklif edib.
Sonra Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov, Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, Şirvan şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Famil Zeynalov, Qax şəhər bələdiyyəsinin sədri Günel Məmmədova, Mingəçevir şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini Əli Əkbərli çıxışlarında referendumla bağlı maarifləndirmə işinin aparılmasının, həmçinin ümumxalq səsverməsində iştirakın əhəmiyyətini qeyd ediblər.
Çıxışlardan sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
Müzakirələr nəticəsində referendum üzrə tərkibi 25 nəfərdən ibarət “Bələdiyyə” təşəbbüs qrupunun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri seçilib. Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə təşəbbüs qrupu adından notariat qaydasında təsdiq edilmiş vəkalətnaməni imzalamaq hüququnun verilməsi barədə qərar qəbul olunub.
Sonda referendum üzrə “Bələdiyyə” təşəbbüs qrupunun yaradılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət göndərilməsi qərara alınıb.
Cavad