18 Avqust 2016 18:25
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı Terror Örgütünün (FETÖ), onun lideri Fətullah Gülənin ifşasından sonra terrorçubaşının Azərbaycandakı bəzi müxalif siyasətçilərlə əlaqələri də üzə çıxıb.

Onun ölkəmizdə daha çox AXCP sədri Əli Kərimliyə “stavka” etdiyi məlum olub. Müstəqil araşdırmaçılar qeyd edirlər ki, Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı fətullahçılar Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək veriblər. Bu məqsədlə FETÖ Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlayıb.

2005-ci ildə Azərbaycanda hazırlanan çevriliş cəhdinin müəlliflərindən biri də məhz FETÖ olub. Bu məqsədlə də Rəsul Quliyev-Əli Kərimli-Fərhad Əliyev qruplaşmasına dəstək verib, “narıncı inqilab”ın Qərbdəki ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu oynayıb. Analitiklər hesab edirlər ki, AXCP-nin 1 il əvvəl Nardaranda mənzillənmiş bir qrup radikal dindarı dəstəkləməsi onun FETÖ tərəfdarı olmasına maneə deyil. Çünki hər iki halda söhbət dini-radikal sosial baza ilə işləməkdən gedir və bu, Qərbin müəyyən çevrələrinin maraqlarına xidmət edir. Belə klerikal dairələrlə əməkdaşlıq AXCP sədrinə tapşırılmış missiyadır.
Türkiyədə baş verən çevriliş cəhdinin ardınca Ə.Kərimlinin çevrilişi pisləməsi özünü sığortalamaq xarakteri daşıyırdı. Bu kimi taktikalardan – özünü qorumaq üçün “təqiyyə”dən istifadə olunması F.Gülənin tövsiyələri arasında yer alır. F.Gülən Ə.Kərimli kimi insanların iyrənc hakimiyyət ehtiraslarından məharətlə istifadə etməyi bacarır.

Bu istiqamətdə söhbətləşdiyimiz Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, hazırkı mərhələdə Ə.Kərimlinin antiazərbaycançı mərkəzlərin bir layihəsi olması Azərbaycan ictimaiyyəti üçün yeni fakt deyil: “Düşünürəm ki, ilk növbədə bu fakt daha çox insanlara çatdırılmalıdır ki, hər kəs müxalifət adı altında gizlənən, əslində isə Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərən belələrini yaxşı tanısın. Çünki Azərbaycan çox həssas bir regionda yerləşir, milli maraqlarımıza cavab verən müstəqil siyasət həyata keçirir.

Bundan narazı qalan mərkəzlər, xüsusən, ermənipərəst mərkəzlər var. Ona görə də hesab edirəm ki, Azərbaycanda istər fətullahçı terror təşkilatı, istərsə də AXCP, yəni eyni mərkəzdən idarə olunan hər iki marginal qruplaşma ifşa edilməlidir. İctimai rəydə onların real obrazı formalaşdırmalıdır ki, gələcəkdə onlar Azərbaycan cəmiyyətində fəsadlar törətməsinlər”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir və böyük dövlət xadimi Heydər Əliyev bu münasibətləri xarakterizə edərkən “bir millət, iki dövlət” ifadəsini işlədib: “Hər iki cəmiyyət mədəni, iqtisadi, siyasi ,intellektual, elm və digər sahələrdə kifayət qədər bir-birinə inteqrasiya edib. Bu inteqrasiya özü ilə bərabər bəzi hallarda belə anormal təzahürlər də gətirib. Çünki əgər iki cəmiyyət bir-birinə inteqrasiya edibsə, deməli, çoxsaylı pozitiv nümunələrlə bərabər bəzən neqativ təzhürlər də müşahidə edilə bilər. Əli Kərimli-FETÖ ittifaqı neqativ təzahürdür. Yəni, görünür Azərbaycanda bu ittifaq məqsədli şəkildə yaradılıb və buna qarşı Azərbaycanın cəmiyyəti və hüquq sistemi birgə mübarizə aparmalıdır”.

Müsahibimiz AXCP-nin ötən ilin sonunda baş vermiş Nardaran hadisələri zamanı bir qrup radikal dindarı dəstəkləməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda manipulyasiya edilməyə ən uyğun ideoloji vasitələrdən biri də dini ideologiyadır: “Qərb imperializmi bundan bütün dövlətlərə qarşı çox məharətlə istifadə edir. Biz bilirik ki, Yaxın Şərqdə və Şimali Afrikada din və məzhəb fərqliliklərinə görə insanları ayıraraq onların əli ilə öz dövlətlərini dağıdıldı. Bu prosesin Avrasiyanın içərilərinə doğru irəliləməsi əslində Qərb imperializminin hədəflərindən biridir. Ona görə də müxtəlif vasitələrlə Azərbaycanda dinlə bağlı manipulyasiya edərək Azırbaycan cəmiyyətini dini zəmində parçalamağa çalışırlar. Yaxud, dindən dövlətə qarşı, dövlətin və millətin bərabərliyinə qarşı istifadə etməyə çalışrlar.

Çox təəssüf ki, bu prosesdə imperializmin toruna düşən insanlar da olur. Onlardan biri də Taleh Bağırzadədir. Onun ifadələrindən də görünür ki, o, əslində səmimi müsəlman deyil. Konkret taşırıqlar üzrə konkret cinayət əməllərinə yol verib. Əlində silah, cibində qumbara gəzdirən insan mömin ola bilməz. Ona görə də haqlı olaraq Azərbaycanın hüquqi sistemi, ölkənin sosial, ictimai sifarişinə əsasən bu gün onları cəzalandırır və cəzalandırmalıdır da. Amma çox təəssüf ki, biz bu gün yenə də məhkəmə prosesini siyasiləşdirməklə Azərbaycan cəmiyyətində yanlış təsəvvürün yaradılmasına çalışıldığını görürük. Guya ki, Azərbaycanda din xadimi təqib olunur və sair. Əslində isə belə bir şey yoxdur. Dini inancından, sosial kimliyindən, ideoloji düşüncəsində asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Azərbaycanın hüquq sistemi və dövləti qarşısında öhdəçiliyi var. Bu hüquqi müqaviləni pozan hər bir fərd mütləq cəzalandırılmalıdır. Hesab edirəm ki, belə adamlar barədə Azərbaycan məhkəmələri ən layiqli cəza hökmü cıxaracaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər