Teleqraf.com G-20 sammiti, onun nəticələri, dünyanın aparıcı ölkələrinin liderləri arasında keçirilən ikili görüşlər mövzusunda politoloq Fikrət Sadıxovla müsahibəni təqdim edir.
- Fikrət müəllim, G-20 liderlərinin Çin görüşü ilə bağlı nə düşünürsünüz?
- Əslində G-20 toplantısında təkcə dünya güclərinin deyil, digər ölkələrin də toplaşması, dünya liderlərinin ikili görüşlər keçirməsi, müəyyən məsələləri müzakirə etməsi müsbət hadisədir. Düzdür, adətən G-20 toplantılarında iqtisadi-maliyyə məsələləri müzakirə edilir. Amma indi geosiyasi vəziyyət o qədər mürəkkəbdir ki, liderlər siyasi məsələlərdən yan keçə bilmir və onları müzakirə edirlər. Ancaq bu heç də o mənanı vermir ki, bu sammit mütləq hansısa qərarlar verməlidir. Çünki bu sammitlərin xüsusiyyəti ondan ibarətdir ki, burada dövlət başçıları müxtəlif sahələrlə bağlı özəl görüşlər keçirir. Bax, bu müstəvidə əsas məsələlər müzakirə edilir və bəlkə də həll edilir. Əsas nəticələr burdadır.
- Dünən maraqlı olayların şahidi olduq. Məsələn, ABŞ prezidenti Obamanın hava limanında endiyi trapa qırmızı xalı açılmadığından Obama ehtiyat çıxışdan istifadə etməli oldu. Bunun ardınca Obamanın köməkçisi ilə Çin məmuru arasında münaqişə yarandı. Daha bir insident Obama və Çin rəhbəri Si Tszinpinin ikitərəfli danışıqlar apardığı rezidensiyaya 10-dan çox amerikalı jurnalistin buraxılmaması oldu. Bu da ABŞ-ın ciddi narazılığına səbəb oldu. Bütün bunların siyasi səbəbləri varmı, yoxsa təsadüfi haldır?
- ABŞ-la Çin arasında ciddi problem yoxdur. Sadəcə bu dövlətlər bir-birinin maraqları ilə razılaşır. Əslində Çinin siyasəti ondan ibarətdir ki, ABŞ, Rusiya və Avropadan müəyyən məsafə saxlasın. İndi xalça salınıb-salınmaması bəlkə də, təsadüfi haldır. Amma Çinin ABŞ jurnalistlərinə irad tutması təsadüfi deyil. Pekin bununla Amerikaya anladır ki, böyük dövlətdir, nüvə silahına malikdir və Çinlə hesablaşmaq lazımdır. Çin nəinki G-20-liyin əsas oyunçusudur, həm də sammitə rəhbərlik edən dövlətdir, onunla hesablaşmaq lazımdır. Çinin mövqeləri son zamanlar daha möhkəmlənib. ABŞ-ın dünyada hegemon rol oynaması Çin tərəfindən qəbul olunmur. Çin xarici siyasətinin əsas prioriteti budur.
- G-20 sammitində həm də Rusiya və Türkiyə münasibətlərinin isti olduğu ortaya çıxdı. Buna ABŞ-ın qısqanc reaksiyası da xatirə fotosunun çəkilişi zamanı özünü açıq şəkildə büruzə verdi. Sizcə, əslində nələr baş verir?
- Əslində iki ölkə arasında yaranan son ayların soyuq münasibətindən sonra Çindəki isti görüş anlaşılandır. Bu gərginlik dövrünə nöqtə qoyulduğunun göstəricisidir. Artıq tərəflər Türkiyədə Atom Elektrik Stansiyasının tikintisi, “Türk axını” layihəsinin bərpa edilməsi və işə salınması planları, iki ölkə arasında digər sahələrdə razılığın əldə edilməsi, turizm və ticarət istiqamətində anlaşma əldə ediblər. Ən vacib məqam odur ki, hazırda Türkiyə və Rusiya müəyyən səbəblərdən Amerika ilə Avropanın siyasətindən narazıdır. Narazılığın müəyyən səbəbləri var. Bu səbəblər də prinsipcə aydındır. Bu narazılıq iki dövləti birləşdirən amildir. Mən düşünürəm ki, bu iki dövlət rəhbərinin görüşü yüksək səviyyədə keçirildi və tərəflər razılığa gələ bildilər.
Əlbəttə, Amerika buna qısqanc münasibət bəsləyir. Amma bu qısqanc münasibəti rəsmən nümayiş etdirə bilməz. Çünki, söhbət iki müstəqil ölkə arasında olan münasibətdən gedir. ABŞ faktiki olaraq çalışırdı ki, bu iki dövlət arasında münasibətlər bərpa edilməsin. Ancaq bu alınmadı. Odur ki, indi ABŞ Rusiya və Türkiyə yaxınlaşmasına rəsmən münasibət ifadə edə, qısqancılığını göstərə bilməz. Amma aydındır ki, sammitdə ABŞ-ın bu iki ölkənin sıcaq münasibətlərinə qısqanclığı hiss edilirdi. Bu özü-özlüyündə ciddi faktdır. Çünki Türkiyə-Rusiya yaxınlaşması müəyyən dərəcədə Qərb maraqlarına zərbədir.
- Çində ən maraqlı hadisələrdən biri də prezident Putinlə prezident Obama arasında keçirilən görüşdür. Bu görüşdən ciddi nəticələr gözləmək olarmı?
- Rusiya-ABŞ münasibətləri hələ gərgin vəziyyətdə qalır. Bunun da bir sıra səbəbləri var. Əsas amil Ukraynadır. Eləcə də Rusiyaya qarşı indiyə qədər qüvvədə saxlanılan Qərb sanksiyalarıdır. Bu sanksiyaların müddəti daha da artırıldı. Bu ciddi məsələ, Moskva üçün təhqiredici addımdır. Kreml hesab edir ki, Ukraynada düzgün addım atır. Qərb isə hesab edir ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə zərbə vurur, dünya buna qarşı çıxır və narahatdır. Sanksiyalar da bunun göstəricisidir. Bu, indiki vəziyyətin reallığıdır. Digər tərəfdən, Rusiya və ABŞ dünyanın aparıcı oyunçularıdır. Onlar anlayır ki, ciddi məsələlərdə, narahatlıq yaradan vəziyyətlərdə onların razılığı olmadan problemlər həll edilməz. Bunun üçün Rusiya tərəfindən daha çox cəhdlər görünür. Bu da başa düşüləndir. Çünki Rusiya özü sanksiyalar səbəbindən mürəkkəb vəziyyətə düşüb. Onların iqtisadi-maliyyə problemləri gündəmə gəlib. Mənə elə gəlir ki, yaxın dövrdə ABŞ-Rusiya münasibətlərində aydınlaşma olmayacaq. ABŞ seçkiqabağı durumdadır, yeni şəxs prezident olacaq. Hələlik bilinmir ki, yeni prezident kim olacaq və onun Rusiya ilə bağlı siyasi kursu nədən ibarət olacaq. Odur ki, indi mövcud olan münasibətlər yaxın perspektivdə davam edəcək.
- Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib ki, Çində keçirilən Obama-Putin görüşündə əsas müzakirə mövzusu Ukrayna və Suriya məsələsidir. Sizcə, super güclər bu məsələlərdə razılığa gələ bilərlərmi?
- Ukrayna ilə bağlı düşünmürəm ki, razılığa gələ bilsinlər. Ukrayna mürəkkəb düyündür. Amma Suriya ilə bağlı anlaşma ola bilər. Suriyada vəziyyət o həddə çatıb ki, bir neçə qüvvə bir-birilə toqquşur. Burada İŞİD, kürd amili, Ankaranın quru qoşunları, ABŞ-ın anti-İŞİD koalisiyası, Rusiya hava qüvvələri fəaliyyət göstərir. Mən düşünürəm ki, Vaşinqtonla-Moskva Suriya məsələsində anlaşa bilərlər. Əslində öncədən tərəflər razılığa gəlmişdi. Diqqət edin, vaxtilə Vaşinqton hesab edirdi ki, Bəşər Əsəd hakimiyyətdən getməlidir və onunla hər hansı təmas ola bilməz. Amma indi belə bir tələb və ya şərt yoxdur. Amerika bunu qabartmır. Rusiya üçün isə bu önəmli amildir. Odur ki, tərəflər çalışır ki, öz maraqları çərçivəsində ortaq məxrəcə gəlsinlər. Hər iki tərəf anlayır ki, onların, eləcə də Ankaranın Suriyada öz marağı var və bu maraqlar nəzərə alınmalıdır.
NEMƏT