Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı seperatçı rejimlərin Moskvada gözlənilən toplantısı ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinə etiraz məktubu göndərib.
Teleqraf.com-un məlumatına görə, planlaşdırılan görüşə qəti şəkildə etiraz bildirilib. Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafındakı 7 rayonu Ermənistan işğal edib və həmin ərazilərdə “Dağlıq Qarabağ Respublikası” adlandırılan qondarma rejim yaradıb: “Rusiya tərəfindən bu qondarma rejimin hansısa tədbirə dəvət olunması, yaxud Rusiya ərazisində hansısa tədbirdə iştirakına şərait yaradılmasını Azərbaycanın suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətsizlik və qəsd kimi dəyərləndiririk”.
QAT qeyd edib ki, ümumiyyətlə, seperatçıların belə bir toplantısının məhz Rusiyada, onun paytaxtında keçirilməsi ciddi narahatlıq doğurur: “Belə bir təsəvvür daha da möhkəmlənir ki, Rusiya dünyanın müxtəlif yerlərində separatçı hərəkatları yaradır, onlara dəstək verir, himayə edir və öz məqsədləri üçün istifadə edir. Bu, yaramaz bir mövqedir. Biz Rusiyanı bu cür yaramaz, eybəcər, qeyri-bəşəri mövqedən geri çəkilməyə çağırır, bu məkrli siyasətinə son qoymasını tələb edirik. Bir daha bildiririk ki, bu təxrbatçı tədbirin keçirilməsi yolverilməzdir. Rusiya ATƏT Minsk qrupunun həmsədri kimi də öz məsuliyyətini dərk etməli, bu tədbirin keçirilməsinə imkan verməməlidir. Biz bu məsələyə aydınlıq gətirilməsini, uyğun addımların atılmasını xahiş edirik. Əks halda, Rusiyanın Minsk qrupunda fəaliyyətinə xitam verilməsi istiqamətində tədbirlərə əl atacağıq”.
Səxavət