"Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Bakıda Venesuela prezidenti Nikolas Maduro ilə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
"Biz Sizinlə bu ayın 10-da İstanbulda Dünya Enerji Konqresində görüşmüşdük. Bu, bizim birinci görüşümüz idi. Mən sizi Azərbaycana dəvət etdim. Çox şadam ki, siz qısa bir müddətdən sonra ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük əhəmiyyəti var. Əminəm ki, səfər Venesuela-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm rol oynayacaq. Biz istəyirik ki, əlaqələrimizi genişləndirək. Biz istəyirik ki, ikitərəfli formatda çox etibarlı tərəfdaşlıq yaransın. Əminəm ki, buna nail olacağıq. Bizim bugünkü görüşümüzün xüsusi mənası var. Tarixdə ilk dəfədir ki, Venesuela prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərin tarixdə çox böyük rolu olacaq", - deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün üç sənəd imzalanıb: "Onların arasında əlbəttə ki, Birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm. Bu, çox sanballı və dəyərli bir sənəddir. Birgə Bəyannamədə bizim niyyətimiz ifadə olunur. Biz planlarımız haqqında öz niyyətimizi ifadə edirik. Birgə Bəyannamədə gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyən edilir - siyasi əlaqələrin inkişafı, iqtisadi sahədə əməkdaşlıq, sərmayə qoyuluşu, energetika sahəsində əməkdaşlıq, nəqliyyat, elm, təhsil, ətraf mühitin qorunması. Yəni, bu sənəddə demək olar ki, bütün əsas istiqamətlər öz əksini tapır. Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaları xüsusilə qeyd etmək istərdim. Bu Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı əsasında həll olunması qeyd edilir. Bu ədalətli mövqeyə görə, cənab prezident, sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, 20 ildən çoxdur davam edir. Bizim beynəlxalq birlik tərəfindən tanınan ərazimizin bir hissəsi işğal altına düşüb. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyirlər. Onların arasında, əlbəttə ki, BMT-ni xüsusilə qeyd etmək istərdim. BMT-nin həm Baş Məclisi, həm də Təhlükəsizlik Şurası dəfələrlə qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər bu qətnamələr icra edilmir. Digər beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı oxşar qərar və qətnamələr qəbul etmişlər. Qoşulmama Hərəkatının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Çünki biz Qoşulmama Hərəkatına yeni üzv olmuşuq. Yəni, Qoşulmama Hərəkatı bizi bir neçə il bundan əvvəl öz ailəsinə qəbul edib və buna görə sizə minnətdaram. Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə birmənalı mövqe göstərir və münaqişənin ölkəmizin ərazi bütövlüyü əsasında həllini tələb edir. Söz düşmüşkən, bu yaxınlarda – sentyabr ayında Venesuelada Qoşulmama Hərəkatının zirvə görüşünün uğurla keçirilməsi münasibətilə sizi təbrik etmək istəyirəm. Azərbaycan da bu tədbirdə fəal iştirak edib. Biz bu təşkilatdakı fəaliyyətimizə xüsusi önəm veririk".
"Bir daha qeyd etməliyəm ki, bu səfərin çox böyük əhəmiyyəti var. Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır. Biz diplomatik əlaqələri 21 il bundan əvvəl qurmuşuq. Ancaq əlaqələrimizin fəal dövrü bu ildən başlayır. Əminəm ki, qarşılıqlı maraqlara, bir-birinə hörmətə əsaslanan bu əlaqələr yaxşı inkişaf edəcək, xalqlarımız bir-birinə daha yaxın olacaq və ölkələrimiz beynəlxalq arenalarda da həmişə bir-birinə dəstək verəcəklər", - deyə dövlət başçısı söyləyib.