“Bu günə qədər ənənəvi müxalifət tərəfindən REAL-a qarşı irəli sürülən ən böyük ittiham odur ki, biz kütləvi aksiyalar keçirmirik. Ancaq iş ondadır ki, REAL yarandığı gündən indiyə qədər kütləvi aksiyalara hədəf kimi baxmayıb. Çox təəssüf ki, bəzi siyasi qüvvələr kütləvi aksiyaların keçirilməsinin özünü hədəfə çeviriblər. Normalda isə kütləvi aksiya hədəfə çatmaq yolunda vasitələrdən biridir. Ancaq mitinq yeganə vasitə ola bilməz. Müxalifətdə olan bəzi siyasi qurumlar mitinqi yeganə hədəfə çeviriblər və bu da doğru yol deyil. Kütləvi aksiyalar hüquqdur, insanlar bundan istifadə edə bilər. Ancaq bu siyasi mübarizədə yeganə yol deyil”.
Bunu Teleqraf.com-a açıqlamasında Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli deyib.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə REAL-ın siyasi müstəvidə kütləvi tədbirlər keçirməməsi kəskin tənqid olunurdu. Bu tənqidi fikirlərin əksəriyyəti isə Müsavat Partiyasının funksionerləri tərəfindən irəli sürülürdü.
Natiq Cəfərli isə deyir ki, belə polemikalar onlar arasında problem yaratmamalıdır: “Biz diskussiya zamanı şəxsiyyət müstəvisinə keçmirik. Odur ki, belə hallar şəxsi münasibətlərdə problem yaratmır. Ancaq təəssüflər olsun ki, bu hal bəzi qurumlar arasında şəxsi müstəviyə keçir və münasibətlərdə problem yaradır, ittihamlara yol açır. Bu da, çox güman ki, onların keçmişlərinin eyni olduğundan xəbər verir. Və bir-birləri haqda nələri bilirlərsə, diskussiya zamanı bunları bəyan edirlər, mövzu isə kənarda qalır. Bizim isə keçmişdə belə münasibətlərimiz olmayıb.”
Müxalifət düşərgəsində mövcud durumu qiymətləndirən Cəfərli hesab edir ki, bu düşərgədə indiyə qədər mövcud olan xroniki problemlər davam edir: “Siyasi qüvvələr arasında fikir ayrılıqları ideoloji deyil. Bu daha çox şəxsi münasibətlər fonunda ümumi münasibətlər konsepsiyası formalaşdırıb. Bu da təəssüf doğurur. Təəssüflər olsun ki, siyasi qurumlar şəxslər ətrafında formalaşıb və bu zaman təşkilatlar arasındakı münasibətlər də şəxslər arası münasibətlərin durumundan asılı olur. Biz REAL olaraq çalışırıq ki, cəmiyyətə bunun əksini göstərək, şəxs ətrafında deyil, kollektiv kimlik quraq və dəyərlər ətrafında birləşək”.
NEMƏT