Xəzərin hüquqi statusu ilə bağlı Xüsusi İşçi Qrupunun növbəti iclası Türkmənistanda keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclasının Kommünikesində deyilir.
Sənəddə bildirilir:
"25-26 yanvar 2017-ci il tarixlərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 48-ci iclası keçirilib.
İclasda Azərbaycan Respublikası (X.Xələfovun rəhbərliyi ilə), İran İslam Respublikası (İ.Rəhimpurun rəhbərliyi ilə), Qazaxıstan Respublikası (Z.Amanjolovanın rəhbərliyi ilə), Rusiya Federasiyası (İ.Bratçikovun rəhbərliyi ilə) və Türkmənistanın (M.Atacanovun rəhbərliyi ilə) nümayəndə heyətləri iştirak ediblər.
İclasa sədrlik etmiş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini X.Xələfov giriş nitqində vurğulayıb ki, Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində əsas razılaşmalar mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdırılması və ciddi nəticələrin əldə olunması üçün əlverişli şərait yaradıb. X.Xələfov qeyd edib ki, Konvensiya layihəsinin bütün təməl müddəalarının razılaşdırılmasının yekunlaşdırılması üzrə növbəti Sammitin keçirilməsi Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsasın yaradılması məqsədi daşımalıdır.
İclasda Konvensiyanın suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi suları və balıqçılıq zonalarının müəyyənləşdirilməsi, əsas xətlərin müəyyənləşdirilməsinin metodologiyası, dənizin dibinin və yerin təkinin böluşdürülməsi, hərbi gəmilərin ərazi sularından keçməsi, həmçinin kabel və boru kəmərlərinin çəkilməsinə aid olan müddəaları müzakirə olunmuş və razılaşdırılıb.
Nümayəndə heyətləri aparılan danışıqların yekunlarını yüksək qiymətləndirib və görüşü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlıq ifadə ediblər.
Xüsusi İşçi Qrupunun növbəti iclası Türkmənistanda keçiriləcək. İclasın keçirilmə tarixi diplomatik kanallarla razılaşdırılacaq".