16 Fevral 2017 16:30
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordla Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilir. Görüş yeri kimi məhz Bakının seçilməsi maraq doğurur. Əgər biz “nədən məhz Bakı” sualına cavab axtarası olsaq, bir neçə aspektə diqqət yetirməliyik. Sözsüz ki, ilk növbədə Bakının, Azərbaycanın təhlükəsiz, sabit bir məkan olması bu məsələdə böyük rol oynayıb.

Ancaq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda, eləcə də postsovet məkanında təhlükəsiz paytaxt şəhəri yalnız Bakıdırmı? Sözsüz ki, yox. Elə isə digər məqamlara da nəzər yetirmək lazımdır. Burda da Azərbaycanın yürütdüyü siyasət göz önünə gəlir. Azərbaycan regionda balanslı siyasət həyata keçirir, həm region ölkələri, həm də digər dövlətlərlə münasibətlərini bərabərhüquqluluq əsasında qurur. Eyni zamanda Azərbaycan işğaldan və təcavüzdən əziyyət çəksə də, daim sülhpərvər siyasət yürüdür. Regionda və dünyada sülh əldə olunmasına çalışır. Bakı indiyədək çoxlu sayda nüfuzlu qlobal tədbirlərə ev sahibliyi edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu Teleqraf.com-a bildirib ki, belə mühüm bir görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Onun sözlərinə görə, hər şeydən əvvəl bu fakt dünya siyasətini müəyyənlşdirən iki böyük dövlətin Azərbaycana olan inamının və etimadının götəricisidir: “İkincisi, Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu , qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Üçüncüsü, ölkəmizin beynəlxalq nüfuzunun və onun formalaşdırdığı real geostrateji gerçəkliyin yaratdığı şərtlərin tərəfdaşlıq üçün münbit məqbul dialoq platformasının qəbul edilməsi reallığıdır”.

Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir: “Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırki mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də, sonda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır”.

H.Babaoğlu qeyd edib ki, bununla yanaşı Azərbaycan Prezidentinin ABŞ və Rusiya prezidentləri ilə olduqca yaxşı münasibətlərinin mövcud olması, hər iki prezidentin Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul etməsi, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmələri qlobal hərbi-strateji əhəmiyyəti olan belə bir görüşün Bakıda keçirilməsini zəruri edib: “Azərbaycanın BMT Təhlukəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu quruma iki illik rəhbərliyi dövründə öz missiyasını və vəzifəsini uğurla yerinə yetirməsi, Avropanın enerji təhlukəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş imicini qazanması, regionda ən müxtəlif hərbi-siyasi qütblərdə dayanan iki hərbi siyasi təşkilatlanmanın, NATO və KTMT-nin maraqlarının uzlaşdırılmasında xüsusi rol oynaması, Rusiya-Turkiyə münasibətlərinin normallaşmasında yaxından iştirak etməsi, eyni zamanda üçtərəfli formatda yeni əməkdaşlıq platformaları yaratması ölkəmizi tərəfdaşlıq üçün cazibədar hala gətirib və bu Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir. Düşünurəm ki, bütün dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxsaylı strateji dividentlər qazandıracaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər