Ermənistan prezidenti Serj Sərkisyan Fransada səfərdədir. O, səfər çərçivəsində Fransa prezidenti Fransua Olland, Senat sədri Jerar Larşe, Milli Assambleyanın sədri Klod Bartoloni və Paris meri Ann İdalqo ilə görüşlər keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılacağı gözlənilir.
Qeyd edək ki, Ermənistan prezidenti martın 14-də Rusiyaya səfər edəcək. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub. Şübhəsiz ki, S.Sərkisyan Moskvada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də müzakirələr aparacaq. O cümlədən qoşunların qarşıdurma xəttində gərginləşən vəziyyət əsas müzakirə predmeti olacaq.
“Radio France İnternational”ın (RFI) yaydığı xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həmçinin martın ortalarında Parisə səfəri planlaşdırılır. Qeyd edək ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bu baxımdan Ermənistan və Azərbaycan prezidentlərinin Parisə səfəri xüsusi maraq kəsb edir.
Məsələyə münasibət bildirən politoloq Rasim Ağayev deyib ki, ümumiyyətlə, S.Sərkisyanın Dağlıq Qarabağla bağlı müxtəlif böyük dövlətlərin paytaxtlarında müzakirə aparmasının “xeyri” də var. Onun sözlərinə görə, bu “xeyir” də ondan ibarətdir ki, Ermənistan prezidentinin vasitəsilə biz beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bir daha tanış etmiş oluruq: “Sərkisyan gedib müxtəlif böyük ölkələrin paytaxtlarında deyir ki, Qarabağ bizimdir, azərbaycanlılar isə deyir, yox bizimdir. Bu məsələni necə həll edək və sair. Yəni, bizim əziyyətimiz olmadan belə beynəlxalq mərkəzlər Qarabağ problemi ilə tanış olurlar. Bunu belə “xeyri” də var. Ancaq təbii ki, Sərkisyan beynəlxalq ictimaiyyəti məsələ ilə erməni interpretasiyası vasitəsilə tanış edir”.
R.Ağayev qeyd edib ki, ola bilsin, Sərkisyanın hansısa məlumatı var, yaxud onu nə isə narahat edir: “Sərkisyan Parisə gedib Ollanda “Qarabağ bizimdir, onu bizə verin” desə də, onlara heç kim Qarabağı verəsi deyil. Bu, qeyri-mümkün bir şeydir. Amma eyni zamanda bir məqam da var. Ümumiyyətlə, son hadisələr göstərir ki, hazırda dünya ciddi siyasi dəyişikliklər ərəfəsindədir. Suriyada baş verən müharibə göstərir ki, bizə qonşu olan regionda yaxın vaxtlarda ciddi dəyişikliklər baş verəcək. Çox güman ki, bu da Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan yan keçə bilməz. İndi bu, hansı məqamda olacaq, özünü necə göstərəcək, biz bunu qarşıdakı dövrdə görəcəyik. Çünki ortada Rusiya faktoru var. Rusiya hazırda öz sərhədlərini və maraq dairəsini müəyyənləşdirməklə məşğuldur. Faktiki olaraq avropalılar bununla razılaşmağa məcburdurlar. Rusiyanın təsir dairəsinin hardan keçəcəyi məsələsi də hazırda aktualdır. Digər tərəfdən, Çin də başını qaldırır. Hazırda dünyada faktiki olaraq 3 güc mənbəyi yaranıb; ABŞ, Çin və Rusiya. Bunun özü də böyük nəsnələrdən xəbər verir. Məsələ ondadır ki, bütün bu dava-şava Qorbaçovun yenidənqurması və onunla bağlı olan hadisələr bir şeylə – SSRİ-nin məğlubiyyəti ilə bağlı idi. SSRİ siyasi xəritədən silinib getdi, ancaq onun yerində Rusiya qalxdı. Rusiya qalxanda faktiki olaraq təkbaşına qalxa bilməzdi. O, SSRİ-nin varisi kimi çıxış edirdi və SSRİ-nin maraqlarını, təsir dairəsini də öz maraqları və təsir dairəsi kimi görürdü. Bu da indi istər-istəməz bərpa olunur. Əgər Rusiya bunu bərpa etməsə, Rusiyanın da aqibəti SSRİ-nin aqibəti kimi olacaq. Buna da Rusiyada oyanmış qüvvələr çox güman ki, heç bir halda imkan verməyəcəklər. Bu da Avropanı ciddi şəkildə narahat edir. Avropalılar təzə sevincək olmuşdular ki, Rusiya yoxdur, SSRİ dağıldı, bizim zəmanə gəldi. Amma indi faktiki olaraq siyasi dialoq dəyişilib. Avropa Rusiyanın mövcudluğunu nəzərə almağa məcburdur. Əgər vəziyyət bu cür davam etsə, 5 ildən sonra tamamilə başqa tarazlıq yaranacaq, tamamilə başqa balans olacaq. Necə olacaqsa, bunu demək çətindir. Amma tendensiya bu cürdür”.
R.Ağayev qeyd edib ki, Azərbaycan bu dəyişikliklərə hazır olmalıdır: “Bildiyiniz kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür, Azərbaycan isə müstəqildir. Düzdür, Azərbaycanın da arxasında Türkiyə var, Qərblə yaxşı əlaqələri var. Prezident İlham Əliyevin son vaxtlar Avropa ölkələrində keçirdiyi görüşlər və Parisə gözlənilən səfəri də bunu təsdiq edir. Bütün bunlar Azərbaycanın təhlükəsizliyini qoruması, gələcək problemlərdən salamat çıxması üçün yetərlidirmi? Söhbət ilk növbədə bundan gedir. Mənə elə gəlir, Ermənistan rəhbərinin tez-tez ora-bura qaçması, bu ölkədə gedən hadisələr onu göstərir ki, Ermənistanda bu vəziyyətdən çox narahatdırlar. Ola bilsin ki, ortada hansısa plan var. Bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Ermənistan və Azərbaycan liderlərinin siyasi fəallığı da bunu bir daha təsdiq edir”.
Səxavət HƏMİD