24 Mart 2017 13:17
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov qurumun martın 21-23-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən 94-cü Rouz-Rout seminarında iştirak edib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Bosniya və Herseqovina ilə NATO arasında əməkdaşlıq səviyyəsi və perspektivləri, müdafiə və təhlükəsizlik sahəsində islahatlar, Orta Şərq və Şimali Afrika, habelə Qərbi Balkan regionlarında qeyri-sabitlik, Avropa və Balkan regionlarında mövcud təhdidlər, terrorçuluq və radikalizm, miqrasiya axını, qaçqınlar və digər mövzular üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

Kamran Bayramov Avropa və Balkan regionlarında mövcud olan təhdidlər mövzusunda keçirilən panel müzakirələrində çıxış edərək dondurulmuş münaqişələrin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa üçün real təhlükə yaratdığını, bu münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən hələ də həll olunmadığını, bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qondarma “referendumun” keçirilməsinin regionda gərginliyin daha da artmasına səbəb olduğunu bildirib.

Deputat qeyd edib ki, Ermənistanın bu təxribatçı addımı silahlı münaqişənin siyasi həllində maraqlı olmadığını aydın şəkildə göstərir və bu kimi fəaliyyətlə Ermənistan Avropanın təhlükəsizliyinə xələl gətirir.

Bundan sonra Milli Məclisin deputatı NATO Parlament Assambleyasının rəhbərliyinə müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin Avropa üçün yaratdığı təhlükənin və Ermənistanın bu cür hərəkətlərinin qiymətləndirilməsi üçün qurum tərəfindən müvafiq hesabatın hazırlanması təklifi ilə çıxış edib.

Seminarda həmçinin Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin əməkdaşları iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər