29 Mart 2017 14:44
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri postuna keçmiş namizəd Sahib Kərimlinin partiya sıralarından uzaqlaşdırılması partiya daxilində ciddi müzakirələr və sərt ittihamlara rəvac verib. Sahib Kərimlinin martın 5-də AXCP Şəki şəhər şöbəsi Məclisinin qərarı ilə partiyadan kənarlaşdırılması ilə bağlı xəbəri dünən özü yayıb. O, Məclis sədri Elşad Həsənovun qərardan xəbəri olmadığını vurğulayıb və partiya sədri Əli Kərimlinin ünvanına sərt ittihamlar səsləndirib: “Əli Kərimli 2018-ci ilə kimi ona tanıdığım zamanı gözləməyə cəsarət etmədi, ictimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və anti-demokratik yolla susdurmaq yolunu tutdu. Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəyəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacağam. Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir”.

Qeyd edək ki, onun sosial şəbəkədəki statusu rezonans doğurub və feysbukda Əli Kərimli tərəfdarları ilə Sahib Kərimlini müdafiə edən kəsim arasında qarşılıqlı təhqiramiz fikirlər səslənir.

“Əli Kərimli, illah ki, söyüşək deyirsənsə...”

Sahib Kərimli təkrar sosial şəbəkədə status yazıb və Əli Kərimliyə müraciət edib: “Söyüş söyən və təhqir edən dəstəni yığışdır. İmkanın varsa, bir nəfər intellektual və uzun illər partiya təcrübəsi olan dostlardan birini müzakirəyə qoş, əleyhimə yazdır. Bunu qurultay ərəfəsi də bacarmadın, bu gün də. Normal rəqabət aparaq, yarışaq və söyüşməyək. Mən təmkinimi pozmayacağam, bugünki şərtlərə uyğun addım-addım məqsədimə irəliləyəcəyəm. Sabah demokratik imkanlar olacaqsa, daha təsirli vasitələrlə yenə də qarşınızda olacağam. Yox, illah ki, söyüşək deyirsizsə, bu yolla məni sarsıdacağınızı düşünürsüzsə, yanılırsız. Axı biz bir-birimizi yaxşı tanıyırıq”.

“Sahib Kərimlinin partiya xaric edilməsi tam qanundir”

AXCP rəhbərliyi Sahib Kərimlinin partiyadan xaric olunması fonunda yaranan situasiyaya heç bir reaksiya verməyib. Sadəcə olaraq, AXCP Şəki şəhər şöbəsinin sədri İslam Həsənov sosial şəbəkədə bəyanat yayaraq qeyd edib ki, martın 5-də partiyanın Şəki şöbəsi Məclisinin iclası keçirilib və Məclis sədri üzrlü səbəbdən iclasda iştirak edə bilməyib. Onun sözlərinə görə, iclasda Sahib Kərimlinin Milli Şura və partiya əleyhinə təbliğat aparması müzakirə edilib.

İ.Həsənov vurğulayıb ki, dəfələrlə xəbərdarlıq edilsə də, partiya nizamnaməsinə zidd fəaliyyət göstərməkdə davam etdiyi üçün Sahib Kərimli AXCP sıralarından xaric edilib. Şöbə sədri vurğulayıb ki, Sahib Kərimlinin partiya sıralarından xaric edilməsi tam qanuni və legitimdir.

Qeyd edək ki, 2 il öncə AXCP-dən daha bir sensasiyalı qopma olmuşdu. AXCP-də diktaturanın hökm sürdüyünü bəyan edən Əli Kərimlinin müavini olmuş Razi Nurullayev bu partiyadan ayrıldığını açıqlayaraq yeni AXCP yaratdı. Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən bir qrup insan Razi Nurullayevin yanına sığınsa da, məlumatlara görə, Sahib Kərimli onun təklifinə müsbət cavab verməyib. Bu səbəbdən tərəflər arasında münasibətin soyuq olduğu deyilir.

Razi Nurullayevdən gözlənilməz reaksiya

Razi Nurullayevin Teleqraf.com-a Sahib Kərimlinin partiyadan uzaqlaşdırılması barədə qərara münasibəti lakonik olub: “Onun adını çəkmək istəmirəm. O cür insanlardan uzaq dayanıram”.

“Haqsızlığa “dur” demək zamanıdır”

Sosial şəbəkədə diqqət çəkən məqamlardan biri də odur ki, AXCP-də satqın damğası vurularaq qovulan bir çox cəbhəçi Razi Nurullayevə üz tutub. Bildirilir ki, onlar qarşı tərəfdən də Əli Kərimlinin taktikasına bənzər halla geri çevriliblər. AXCP-dən xaric edilmiş Cavid Musazadənin bildirdiyinə görə, bir neçə gün öncə Şəki şöbəsinin sədri və şöbənin digər üzvləri feysbukda ona dostluq təklifi göndəriblər: “Status yazdım ki, satqın damğası vurub məni partiyadan çıxarmışdınız, indi nə dəyişdi ki, dostluq göndərirsiniz? Sən demə, bu məsələdə əvvəldən planlı məqsədləri varmış. Sahib bəyi çıxaranda reaksiyalara nəzarət eləmək üçün plan qururlarmış. AXCP-dən indiyə qədər bu və ya bunun kimi xaricetmələr çox olub. Bizim haqqımızda buna oxşar hallar baş verdi. O zaman haqsızlıqla mübarizə aparmaq üçün layiq olmayan şəxsə birləşdik. Orada da cəbhəçiliyə uyğun olmayan hallarla qarşılaşdıq. Əli Kərimlinin şər taktikalarının təkrarı Razi Nurullayevin idarəçiliyi ilə bizə tətbiqlə davam edildi. Oradan da bu səbəbdən istefa verdik. Sahib Kərimliyə dəstək olacağımızı bəyan edirəm. Ona qarşı baş vermiş haqsızlıq hamımıza edilən haqsızlıq silsiləsindəndir. “Dur” demək zamanıdır. Haqsızlıqla mübarizədə onun yanında olacağıq”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər