“Vaxtilə ABŞ İrana daxil olanda elan etdi ki, Səddam Hüseynin kimyəvi silahı var. Sonra prezident Tramp Obamanı tənqid edirdi ki, ölçüsüz hərəkət edir. İndi aydın oldu ki, Tramp Obamadan da yaman gündədir. Çünki ABŞ-da faktiki millitaristlər qələbə çalıb. Millitaristlərin qələbəsi o deməkdir ki, ABŞ prezidenti də bu dəstənin əlində oyuncaqdır”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Suriya ətrafında baş verən prosesləri şərh edərkən deyib.
O, bildirib ki, Suriya tərəfi kimyəvi silahları təhvil verib: “Düzdür, ABŞ Əsədin aviabazasını vurdu. 59 raketdən 23-ü hədəfə dəyibsə, qalanları yollarda məhv edilibsə, deməli, ABŞ-ın hərbi gücü zəifləyib. Bundan sonra ruslar bəyan etdi ki, hava hücumundan müdafiə sistemi quracaq. Bu o deməkdir ki, daha belə hallar olmayacaq. İkincisi, Şayrat bazasını vurmazdan əvvəl ruslar oradan çox şeyi çıxarıblar. Məlum olur ki, ABŞ-ın vurduğu qırıcıların çoxu köhnə texnika və ya maketdir. Ruslar da həmin bazada olmayıb. Deməli, ABŞ-da hazırlanan hərbi əməliyyatın sirləri ruslara məlum olub. ABŞ bu haqda ciddi düşünməlidir. Ruslar razı olmayacaq və imkan verməyəcək ki, ABŞ onların əldə etdiyi siyasi gücü əlindən alsın. Məncə, ABŞ-Rusiya qarşıdurması yeni müstəviyə keçir. Əgər əvvəllər Trampın Vaşinqton-Moskva münasibətlərini yoluna qoyacağı gözləntisi vardısa, artıq bu sıradan çıxdı. Bundan başqa, İran da Rusiya ilə birgə olacaq. Digər ölkələrin susması o demək deyil ki, hamısı ABŞ-ı dəstəkləyir. Təbii ki, burada Türkiyənin mövqeyi daha çox aprelin 16-da keçirilən referendumla bağlıdır. Mən hesab edirəm ki, Türkiyənin mövqeyi yanlışdır. Hər halda qonşuda bir müsəlman dövlətini qanunsuz vururlarsa, başqa bir müsəlman dövləti bu addımı dəstəkləyirsə, məncə, bir qədər düşünmək lazımdır".
C.Nuriyev hesab edir ki, son hadisələr ABŞ-ın imicinə təsir edəcək: "Məsələ ondadır ki, Suriya kimyəvi silahları çoxdan təhvil verib. Ortada fakt olmaya-olmaya, ABŞ bu addımı atdı. ABŞ-ın dövlətin sirrini qoruya bilməməsi ortaya çıxdı. Həm də ABŞ-ın hərbi hazırlığının lazımı səviyyədə olmadığı məlum oldu. Həmçinin ABŞ-ın özünün qüdrətli olması görüntsünü yaratması onun özünə lazım idi. Nəhayət, ABŞ-a lazım deyildi ki, Rusiya ilə qarşıdurmaya girsin. Buna getmək ABŞ-a uğurlar gətirməyəcək”.
Cavad