“Məhz buna görə sizin təmaslarınıza qarşı çıxırıq”
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir qrup Belçika parlament üzvü “La Libre” qəzeti vasitəsilə açıq məktubla ölkəmizin Belçikadakı səfirliyinə müraciət ediblər. Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov aprelin 12-də “La Libre” qəzetində dərc edilmiş məqaləsi ilə işğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş belçikalı millət vəkillərinin açıq məktubunu cavablandırıb.
Teleqraf.com səfir F.İsgəndərovun “La Libre” qəzetində dərc edilmiş cavab məqaləsinin tam tərcüməsini təqdim edir.
“Bu yanaşma tamamilə konstruktiv səviyyə daşıyır”
Hörmətli parlamentarlar, Sizin adlarınız həqiqətən də Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısındadır. Çünki, siz Azərbaycanın razılığı olmadan, hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionumuza qanunsuz səfər etmiş, beləliklə də ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmusunuz. Hər bir ölkə onun dövlət sərhədlərini pozan şəxslərə qarşı sanksiyalar tətbiq edir. Azərbaycan də bu baxımdan istisna təşkil etmir və onun qanunvericiliyi ilk mərhələdə ölkəyə girişin qadağan edilməsi, bu halların mütəmadi təkrar ediləcəyi halda isə cinayət işinin açılması, iki və çoxtərəfli beynəlxalq hüquqi əməkdaşlıqdan istifadə etməklə aparılmasını nəzərdə tutur.
Azərbaycan hökuməti bu günədək Dağlıq Qarabağa səfər etmək üçün öncədən ona müraciət etmiş çoxsaylı xarici vətəndaşlara belə icazələr verib. Habelə, regiona qanunsuz səfərlər etmiş, lakin sonradan Azərbaycan hökumətinə belə əməllərə görə təəssüflərini ifadə etmiş onlarla xarici vətəndaş müvafiq siyahıdan çıxarılıb. Bu sahədə Azərbaycanın yanaşması tamamilə konstruktiv səciyyə daşıyır.
Münaqişə beynəlxalq hüquq prizmasından
Nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi tam aydındır. BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri hələ 1993-cü ildə qəbul edib. Avropa Parlamentinin 2013-cü və 2015-ci illərdə qəbul etdiyi Avropa Qonşuluq Siyasəti üzrə B7-0484/2013 və A8-0194/2015 saylı qətnamələr BMT TŞ-nin bu 4 qətnaməsinin icrasını tələb edib, Şərq Tərəfdaşlığının bir ölkəsi tərəfindən digər ölkəsinin ərazisinin işğalını birmənalı pisləyib. Avropa Şurası Parlament Assambleyası digər ölkənin ərazisinin işğalının bir ölkənin AŞ üzvü kimi öhdəliklərinin ciddi pozuntusu təşkil etdiyini vurğulayan 1416 (2005) saylı qətnamə qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixində Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə qəbul edilmiş qərar da Ermənistanın Dağlıq Qarabağ üzərində nəzarət həyata keçirdiyini vurğulayıb.
Problemin mənəvi tərəfi
Bu gün təkcə Dağlıq Qarabağ regionu deyil, onun ətrafında yerləşən daha 7 rayon Ermənistan işğalı altındadır və həmin ərazilərdə etnik təmizləmə aparılıb. Dağlıq Qarabağda yerləşən və yalnız etnik azərbaycanlıların yaşadığı Xocalı şəhəri Ermənistan tərəfindən işğal edilib və törədilmiş soyqırımı nəticəsində onun 613 nəfər sakini amansızlıqla qətlə yetirilib. Dağlıq Qarabağda yerləşən Şuşa şəhərindən qovulmuş əhali bu gün Azərbaycanın müxtəlif yerlərində müvəqqəti yaşamaq məcburiyyətindədir. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan isə 700 mindən artıq azərbaycanlı qovulub və məcburi köçkünə çevrilib. Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan mədəni və tarixi irsinə qarşı vandallıq həyata keçirilməkdə və qanunsuz iqtisadi fəaliyyət aparılmaqdadır. Məhz buna görə də biz xarici ölkələrin nümayəndələrinin insanlıq əleyhinə bu cinayətlərin törədilməsində iştirak etmiş qondarma rejimin təmsilçiləri ilə təmaslarına qarşı çıxış edirik.
Beləliklə, sizin səfərləriniz münaqişənin həllinə töhfə verə bilməyib, əksinə, Ermənistan tərəfindən qondarma rejimin və işğalın nəticələrinin beynəlxalq səviyyədə təbliği üçün istifadə edilib.
Sizinlə görüşməyə hazıram
Təəssüf ki, sizin Xankəndidə olduğunuz zaman keçirdiyiniz mətbuat konfransında, yaxud məktubunuzda azərbaycanlı icmasının regiona geri dönməsinin və hər iki icma arasında dialoqun zəruriliyi ilə bağlı heç bir fikrə rast gəlmədim.
Mən sizi gələcəkdə Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququ pozan səfərlərdən çəkinməyə və bunun əvəzinə, Dağlıq Qarabağın icmaları arasında dialoqun təşkilində iştirak etməklə sülh prosesinə töhfə verməyə dəvət edirəm. Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri 2016-ci ilin oktyabr ayında Brüsselə etdikləri səfər çərçivəsində Belçika federal parlamentində, Flamand Regionu və Brüssel-Paytaxt Regionu parlamentlərində keçirdikləri görüşlərdə, eləcə də Belçika mətbuatına verdikləri müsahibələrdə belə dialoqa hazır olduqlarını vurğulayıblar.
Öz ölkəmin Belçika Krallığına ən xoş münasibətinin göstəricisi olaraq, bu məsələləri təfsilatı ilə müzakirə etmək üçün sizinlə görüşməyə hazıram.
Səxavət