Teleqraf.com xəbər verir ki, bununla bağlı, o, şəxsi Feysbuk hesabında məlumat verib:
"Son 3 günü turist kimi gəldiyim Yamaykada həbsxanada keçirdim. Hava limanında sərhədçi qadın Azərbaycan vətəndaşlarının hava limanında viza almalı olduqlarını dedi və məni başqa otağa dəvət etdi. Mən də pasport və digər sənədlərimi verib gözlədim, qadın rüsum üçün nağd pul və ya kart verməyimi istədi, kartımı verdim və gözlədim. Otağa girib-çıxan çox idi, qadın çöldə gözləməyimi istəyəndə kredit kartımı geri istədim. Bunu xoşlamayan qadın sərhədçi "O zaman mən də sizə viza vermirəm" dedi və pasportuma möhür vurdu.
Bundan sonra Yamayka Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib "Sizi növbəti reysə qədər güvənli bir yerə aparmalıyıq" dedilər. Mən növbəti reysimin 2 gün sonra Panamaya olduğunu, hava limanından kənara çıxmaq istəmədiyimi desəm də, məni məcbur şəhərdəki Horizon həbsxanasına gətirdilər. Orada kriminallar kimi davranıb, üstümü yoxlayıb, həbsxana kamerasına saldılar. Nə qədər zəng, vəkil, su və s. tələb etsəm də, sözün əsl mənasında heyvan kimi davranıb, qulaqardına vurdular. Hətta bəziləri su istəyəndə gəlib soyuducudan su götürüb, gözümün qabağında içirdilər".
B.Hacıyev Yamayka tərəfinin onu vəkillə təmin etmədiyini bildirib:
"Vəkil istəmişdim, bir rahibə çağırmışdılar ki, şikayətini ona et. Nəhayət, Panamaya reysimin bu gün olduğunu bilərək, həbsxana rəhbərliyinə bildirdim ki, mən bu gün uçmalıyam, uçmasam, əvvəldən alınmış başqa biletlərim də batır. Həbsxana rəhbərliyi vecinə də almırdı, deyirdilər immiqrasiya idarəsi nə vaxt istəsə, onda da gəlib səni götürəcək".
Onun sözlərinə görə, həbsxanadan çıxmasına orada qarşılaşdığı ağdərili həkim kömək edib:
"Həkimə məsələni izah etdim, dedi səni çox yaxşı başa düşürəm, bu ölkə belədir. Öz tanışlarıma zəng edəcəm, buradan sonrakı biletlərini göstərərik, çıxarsan. Mənə qısa müddətlik internet təşkil etdi, mən də həm biletlərimi çap etdim, həm də dostlara bu barədə məlumat verdim".
Bəxtiyar Hacıyev Yamaykada gördüklərini belə qiymətləndirib:
"Yamaykada insanlıq görmədim, vəhşilik, heyvanlıq və əclaflıq gördüm. Nə dövlət qurumları arasında kommunikasıya var, nə sənədləşmə, nə insan hüquqlarına hörmət var. Hərə gəlir bloknotuna qələmlə nə isə yazır və gedir. O adam getdisə, ikincisinin məsələdən xəbəri olmur".
Hərəkatın həmtəsisçisi hazırda həbsxanadan çıxdığını və Boqotata gedəcəyini, Azərbaycana qayıtdıqdan sonra isə Xarici İşlər Nazirliyinə müraciət edəcəyini deyib:
"Şükür, indi o cəngəllikdən çıxmışam. Sabah Boqotaya gedəcəm, səhv xatırlamıramsa, orada konsulluğumuz olmalıdır. Həm ora, həm də qayıdanda rəsmi olaraq, Xarici İşlər Nazirliyinə müraciət edəcəm. Araşdırısınlar ki, Azərbaycan vətəndaşına niyə viza verməyiblər? Vermirlər, cəhənnəmə versinlər, bəs həbsxanaya niyə göndərirlər? Məncə kimliyindən asılı olmayaraq, XİN Azərbaycan vətəndaşları ilə belə davranışı araşdırmalı və cavablarını verməlidir".