13 İyul 2017 16:43
1 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, çempion idi, ailədə heç kim ona güldən artıq söz demirdi.

Bu sözləri Teleqraf.com-a sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü, təxminən bir həftə əvvəl intihar etmiş 18 yaşlı Rəşad Dünyamalıyevin bacısı Anastasiya Dünyamalıyeva bildirib.

Anastasiya Dünyamalıyevanın dediyinə görə, Rəşad problemi olsa belə, heç kimlə bölüşməyən bir gənc olub: “Yeganə qardaşım idi. Onunla dəfələrlə danışmışam ki, nəsə çətinliyin, problemin olsa, mənə de. Yəni bir az qapalı insan idi. Dostaları ilə də əlaqə saxlayırdım. Onlar da heç bir narahatlığı olduğunu görməyiblər.

Bizim ailə sakit ailədir. Özümüz, ətrafımızdakı qonşu və tanışlar inana bilmirlər ki, o cür sakit uşaq bu addımı atıb. Ailəmizdə gücümüz çatan köməkliyi, yardımı ondan əsirgəməmişik. Xarici ölkələrə yarışlara gedirdi. Bibiləri, nənəsi kömək edirdi. Demək istəyirəm ki, Rəşadın heç nədən çətinliyi olmayıb. Ona güldən ağır söz deyilməyib”.

Qeyd edək ki, Rəşad Dünyamalıyevin intiharı bir çoxlarının təəccübünə səbəb olub, bu səbəbdən özünə-qəsdin ailə problemlərindən qaynaqalana biləcəyi ehtimalı irəli sürülüb.

Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


Müəllif: Şəfiqə Nazimqızı