10:48
Göyçay rayonunda məktəb direktoru ürək tutmasından vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi T.Xasməmmədov Feysbuk sosial şəbəkə profilində məlumat yayıb.
Bildirilib ki, rayonun Çayarxı kənd ümumi məktəbinin direktoru, 50 yaşlı Mübariz Şamilov infarkt keçirib. O əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına, sonra isə paytaxtda olan xəstəxanalardan birinə aparılıb. Paytaxtda müayinə olunan Mübariz Şamilovun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, məktəb direktorundan böyük məbləğdə pul tələb edildiyi üçün infarkt keçirib.
Qeyd edək ki, dekabrın 21-də, saat 21:30-da Göyçay şəhər 9 saylı orta məktəbin direktoru, 1961-ci il təvəllüdlü Akif Qəribov damarını kəsərək özünə qəsd edib.
Məlumata görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbdə baş verib. Çoxlu qan itirməsi səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.
Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Hazırda o, reanimasiya şöbəsindədir.
***
Göyçayın Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilovun infarkt keçirərək ölümü və 9 saylı məktəbin direktoru Akif Qəribovun intihara cəhd etməsinin onlardan pul tələb edilməsi ilə bağlı deyil.
Göyçay rayon Təhsil Şöbəsindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, hər iki hadisədə səbəb başqadır:
“Çayarxı kənd orta məktəbinin direktoru Mübariz Şamilov bir il əvvəl də infartk keçirib. Bu həftənin birinci günü isə o, ürəyindəki narahatlıqla bağlı Bakıda xəstəxanaya yerləşdirilib. O, ürəyindən əməliyyat edilməli idi, lakin 52 yaşlı Mübariz Şamilov qəfildən xəstəxanada dünyasını dəyişib. Ondan pul tələb edilməsi ilə bağlı yayılanlar yalandır”.
9 saylı məktəbin direktoru Akif Qəribovun intiharı isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
“Lakin ondan pul tələb edilməsinə görə intihar etməsi barədə yayılan xəbərlər doğru deyil”.