Qabil Hüseynli: “Davudoğlunun təyinatında şəxsi sədaqət prinsipi əsas götürülüb”
“Mənim zənnimcə, Əhməd Davudoğlu AKP hökumətində ən zəif siyasi fiqurlardan biridir. Onun xarici işlər nazirliyi dövründə Türkiyə xarici siyasəti bir sıra prinsiplərlə, məsələn qonşularla “sıfır problem” siyasəti və buna bənzər digər proqramlarla çıxış etdi. Amma bu siyasətlərin heç biri özünü doğrultmadı. Əksinə, qonşularla problemlər daha da genişləndi”.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
Qeyd edək ki, avqustun 21-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Mərkəzi Yürütmə Kurulunun qapalı toplantısında xarici işlər naziri, Konya millət vəkili Əhməd Davudoğlu partiyanın yeni sədrliyinə və Türkiyənin baş nazirliyinə namizəd kimi müəyyənləşib.
“Sual verə bilərsiniz ki, bəs nəyə görə o zaman Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğlunun namizədliyini üzərində dayanıb?” deyən Q.Hüseynli əlavə edib ki, Ə.Davudoğlu çox itaətkar və müti bir şəxsdir. Ərdoğana isə hələ gələn il keçiriləcək parlament seçkilərində iştirak edib, bu seçkidə səslərin 2/3-ni alandan sonra prezident səlahiyyətlərinin genişləndirilməsi və parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçilməsi üçün referendum keçirmək lazımdır: “Bu referendumadək ona elə bir itaətkar baş nazir lazımdır ki, faktiki olaraq yenə də hakimiyyət prezident səlahiyyətlərini icra edən Ərdoğanın əlində olsun. Yəni, Ərdoğan həm icraedici hakimiyyətin başında duran baş nazirin, həm də prezident səlahiyyətlərini belə demək mümkünsə Davudoğlu ilə birlikdə həyata keçirmək istəyir”.
Q.Hüseynli bildirib ki, AKP-yə Ə.Davudoğludan öncə gəlmiş və partiyanın qurulmasında böyük fədakarlıqlar göstərmiş, siyasi təcrübəsi, siyasi sambalı yüksək olan adamlar daha çox idi: “Amma burda şəxsi sədaqət prinsipi əsas götürülüb. Digər tərəfdən Ərdoğanın təbirincə desək, Türkiyədə uyumlu siyasət yürütmək baş nazirlə prezidentin birgə hərəkətinə böyük ehtiyac duyulur. Bu uyumlu siyasət baş nazirlə prezident arasında hər hansı qarşıdurmanın olmamasını, yaxud prezidentin dediklərinin baş nazir tərəfindən sözsüz yerinə yetirilməsini özündə ehtiva edir. Türkiyənin daxili və xarici siyasətinə aid məsələlər bu tandemdə, yəni Davudoğlu-Ərdoğan tandemində uğurla həyata keçiriləcək. Ona görə də Azərbaycan məsələsi, Yaxın Şərq məsələsi və sair məsələlər hamısı əvvəllər olduğu kimi Davudoğlu tərəfindən deyil, Ərdoğan tərəfindən həyata keçiriləcək. Necə ki, zəif Abdullah Gülün prezidentliyi dövründə hər şey Ərdoğanın əlində idi, indi zəif baş nazir dönəmində də hər şey yenə də Ərdoğanın əlində olacaq. Bu baxımdan Türkiyənin xarici siyasətində hər hansı dəyişiklik, yaxud qorxulu bir şey gözləmək lazım deyil”.
Müsahibimiz bildirib ki, Azərbaycanla da münasibətlər olduğu kimi, yəni, yüksələn xətt üzrə inkişaf etməkdə davam edəcək.
Səxavət