19 Sentyabr 10:34

Ağdam rayonunda 10 aylıq körpəsinin ölümündə təqsirli bilinən 1992-ci il təvəllüdlü Günel İsmayılovanın barəsində iki maddə ilə ittiham elan edilib.

Teleqraf.com xəbər verir ki, istintaq orqanı tərəfindən Günel İsmayılovaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham verilib.

İttihama görə, rayonun Qərvənd kəndində yaşayan, Laçın rayonundan məcburi köçkün 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı 10 aylıq qızını boğaraq öldürüb.

O, daha sonra Quzanlı qəsəbəsinə gedərək polisə təslim olub.

Günel İsmayılova bir müddət əvvəl Ağdamın Göytəpə kənd sakini ilə ailə qurub və onlar Qərvənddə məskunlaşıb. Ailədə mütəmadi olaraq münaqişələr baş verib və onlar boşanmaq həddinə çatıblar.

Uşağın atası Güneli boşayandan sonra övladını onun əlindən alacağını deyəndən sonra 27 yaşlı qadın əsəbi haldı körpəsini öldürmək qərarına gəlib.

Günel İsmayılovanın barəsində prokurorluqda başlanan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 1-nə təyin olunub.


Müəllif: Hacı Zeynalov