8 Noyabr 2019 13:15
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Ağcabədidə baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 7-də Ağcabədi rayon sakini Kərim Sultanovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə həmin gün şəhər sakini Kərim Sultanovun evində qonağı olan həmyerlisi C.Quliyevlə aralarında baş vermiş münaqişə zamanı sonuncunun ona qayçı ilə xəsarət yetirdiyi müəyyən edilib.

​Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən C.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Quliyev tanışı, 1974-cü il təvəllüdlü Kərim Sultanovun doğum gününü qeyd etmək üçün onun evinə gedib. Evinin həyətində təşkil edilən ziyafət zamanı K.Sultanovla C.Quliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Daha sonra K.Sultanov C.Quliyevi ağır formada söyüşlə təhqir edib. C.Quliyev isə ziyafət mərasimindən çıxaraq evlərinə gedib. O, yaşadığı evin həyətindən qayçı götürüb, yenidən K.Sultanovun evinə doğru gedib. Bu zaman küçədə o, K.Sultanovla rastlaşıb, əlindəki qayçı ilə onun döş qəfəsinə bir dəfə zərbə endirib.

K.Sultanov yaralı vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov