Fuad Əliyev: “Çox istəyirik ki, qonağımız olsun”
“Vladimir Jirinovskinin səfəri Milli Məclisin xətti ilə təşkil olunduğundan onunla görüşməyəcəyik. Amma onu partiyamızın qurultayına dəvət edəcəyik”.
Bu sözləri Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Jirinovskinin bu səfəri rəsmi səfər olduğu üçün partiya rəhbərləri arasında görüş təyin olunmayıb: “Partiyamızın gələn il 15 ili tamam olacaq, biz yubiley mərasiminə Jirinovskini Bakıya dəvət etməyi planlaşdırırıq. Çox istəyirik ki, qonağımız olsun”.
2004-cü ildən Rusiya Liberal-Demokrat Partiyası (RLDP) ilə əlaqələrinin olduğunu deyən F.Əliyev qeyd etdi ki, Jirinovski ilə 2008-ci ilədək sıx əməkdaşlıq ediblər: “Əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütəmadi olaraq onlara məlumatlar göndərirdik, özümüz Rusiyada olanda kitablar və digər materiallar təqdim edirdik. O dövrdə çıxışları bir o qədər kəskin olmayıb, hətta deyərdim ki, ümumiyyətlə çıxış etməyib. Əməkdaşlığımızı bir az dayandırandan sonra çıxışları dəyişildi, xoşagəlməz fikirlər söylədi. Son vaxtlar tamam başqa mövqe ortaya qoyur. 2008-ci ildə başımız prezident seçkilərinə qarışmışdı deyə əlaqələrimiz bir qədər səngidi. 2009-cu ildən başlayaraq Azərbaycanın ünvanına bəzi fikirlər söyləyirdi, biz də qərar verdik ki, əməkdaşlığımızı dayandıraq. Həmin ildən bugünədək, 5 il ərzində demək olar ki, münasibətimiz olmayıb. Onlara elektron poçt vasitəsilə məlumatlar göndərməyə çalışırdıq, amma görüşlər keçirməmişik”.
Qeyd edək ki, RLDP-nin Dövlət Dumasındakı fraksiyasının başçısı Vladimir Jirinovski bu gün Bakıya gəlib. O, Milli Məclisdə spiker Oqtay Əsədovla görüşəcək.
Nərgiz