Daxili İşlər Nazirliyi ötən gün baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 20-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib.
Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüblər. B.Bayramov hadisə yerini tərk edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, fevralın 20-də saat 7 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini N.Atabalayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Nərminə Mahmudovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.