Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə nəzarətə götürülüb.
Bildirilir ki, faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsindən aslı olaraq, əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan Fikrət İsmayılov övladı, 2009-cu il təvəllüdlü Canəli İsmayılovun baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.
Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.
Fikrət İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edib.
Sonuncu hadisə isə Canəli İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.
Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.