Hacıqabul rayon polis şöbəsinin əməkdaşları və rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
Xəqani Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilmiş və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.