Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında rayon ərazisindəki avtoyuma məntəqəsindəki avtomobillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Sərxan İsgəndərovun icarə əsasında işlətdiyi Tərtər rayonunun Təzəkənd kəndi ərazisindəki avtoyuma məntəqəsindəki avtomobildən qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Sərxan İsgəndərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Oğurlanmış qızıl əşyalarının yeri aşkar edilərək maddi sübüt kimi götürülüb.
Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırmalar davam etdirilir.