İki ölkə arasında hərbi əməkdaşlıq planı imzalanıb
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gəlmiş Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunu qəbul edib. Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Rusiyanın Müdafiə Nazirliyinin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq ordu generalı S.Şoyqu Şərəf Kitabını imzalayıb.
Geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri Z.Həsənov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb.
Ordu generalı S.Şoyqu da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra iki ölkə arasında beynəlxalq və regional təhlükəsizlik, Xəzərdə hərbi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, ikitərəfli hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığın əsas inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşün sonunda müdafiə nazirləri iki ölkə arasında 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar.
Danışıqlardan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri görüşün yekunları barədə medianı məlumatlandırıblar.
BƏXTİYAR