29 yanvar 2021-ci il tarixdə saat 11 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonuna ezam olunmuş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin bölmə rəhbəri 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti və çoxsaylı qəlpə yaraları alıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib,digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
***
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı minaya düşüb.
Buy barədə Teleqraf.com-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin Təmizləmə Qrupunun Bölmə rəhbəri, 04 iyul 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad olunmuş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.
Nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuş və çox saylı qəlpə yarası alıb.