20 Oktyabr 2021 13:30
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə narkotik satmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, Şahin Fətullayev saxlanılaraq polis idarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman 13 ədəd ayrı-ayrı sellofan bükümlərdə metamfetamin və 9 ədəd sellofan bükümdə heroin aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa, İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədov cari və ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 9 000 manat olan qızıl-zinət əşyalarını, məişət və elektrik avadanlıqlarını oğurlayıb.

Saxlanılan şəxs istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov