Bakıda jurnalistin maşınının şüşəsini sındırıb oğurluq ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov öz “Facebook” hesabında yazıb.
O qeyd edib ki, yaşadığı Sabunçu rayonu Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində narkotik maddə istifadəçiləri onun “Wolksvagen Passat” markalı avtomobilin şüşəsini sındıraraq maşında olan “power bank”ı oğurlayıblar.
Jurnalistin sözlərinə görə, oğurluq hadisəsi baş verən ərazidə kamera var: "Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətrinə məlumat vermişik, nəticəni gözləyirik".
Qeyd edək ki, bundan bir neçə ay əvvəl də jurnalistin avtomobilinin şüşəsini sındırıb, oğurluq ediblər.
Jurnalist həmin dövrdə də baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Həmin hadisə ötən il iyulun 6-da paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində “Yeni Musavat” qəzetinin ofisinin qarşısında baş verib. Avtomobilin şüşəsini sındıran şəxs daha sonra içərisində sənədlər və bank kartları olan portmanatı oğurlayıb.
İlkin Muradov "Yeni Musavat" qəzetində işləyir.