Bir müddət əvvəl Xızı rayonunun Stalçay kənd sakini 1977-ci təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun itkin düşməsi barədə xəbər vermişdik.
Teleqraf.com xəbər verir ki, hadisənin bəzi təfərrüatları məlum olub.
Hekayət İbrahimovun bacısı Məlahət İbrahimova saytımıza bildirib ki, yanvarın 8-dən itkin düşən qardaşının meyidi tapılıb: “Yanvarın 10-da Hekayətin idarə etdiyi “Niva” markalı maşın Samur-Abşeron kanalından çıxarıldı. Kanalın suyu gur olduğu üçün onun axtarışını da doğru-düzgün aparmadılar. Stalçay kəndində kanala düşən qardaşımın meyidi yanvarın 17-nə Sumqayıt tərəfdə kanalın bunkerindən aşkarlandı. Onu yanvarın 18-də dəfn etdik.
Hekayətin dəfnindən iki həftə sonra 80 yaşlı atam da dünyasını dəyişdi. Atam qardaşımın axtarışı ilə bağlı kanalın suyunun kəsilməsi üçün aidiyyəti qurumlara çox müraciətlər edirdi. O, bütün bunlara dözmədi”.
Qeyd edək ki, Hekayət İbrahimov 2022-ci ilin yanvarın 8-də siqaret almaq üçün 99-EE-637 dövlət qeydiyyat nişanlı “Niva” markalı maşını ilə Yaşmadan Stalçay kəndində gedib. Orada dost-tanışları ilə görüşüb, söhbət edib, siqaret alandan sonra axşamüstü saat 5 radələrində yatağa qayıtmaq üçün kənddən çıxsa da, Yaşmaya gedib çatmayıb.