Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini Samir Qasımov tutulub.
Teleqraf.com xəbər verir ki, onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan şəhər polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu iş üzrə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Samir Qasımov vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən İqbal Mikayılovun sürücüsüdür.
Şirvan şəhər sakini İqbal Mikayılov dekabrın 28-də polis əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Vətəndaşların şikayəti əsasında onlara qarşı yüksək məbləğdə dələduzluq əməli törədən şəxs saxlanılıb.
Araşdırmalarla onun Şirvan şəhər sakini İqbal Mikayılov olduğu müəyyən edilib.
Aparılan ilkin istintaq zamanı İ.Mikayılovun şəhər sakini olan bir vətəndaşa şərikli biznes quracağı barədə yalan vədlər verərək onun 44000 manat pulunu ələ keçirməsi, daha sonra isə pulu qaytarmamaq üçün həmin şəxsə hədə-qorxu gəlməsi müəyyən edilib. Bundan əlavə saxlanılan şəxs digər bir vətəndaşa qarşı da dələduzluq edərək, ona bəzi sənədlərin düzəlməsində köməkliklər göstərəcəyi barədə vədlər verməklə zərərçəkənin 10000 manat vəsaitini ələ keçirib.
Polis əməkdaşları İqbal Mikayılovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan şəhər polis şöbəsinə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, İqbal Mikayılov Şirvan şəhərində və ətraf rayonlarda özünü jurnalist kimi təqdim edirdi.