10 Yanvar 2023 08:57
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və üzərində odlu silah gəzdirən şəxslərə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Rayonun Qullar kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Asluddin Motuxovun üzərində odlu silah gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş tədbir nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı keçmiş məhkumdan “PM” markalı tapança, həmin silaha məxsus sandıqça və patron, eləcə də narkotik vasitə olan marixuana aşkarlanıb.

Asluddin Motuxov ifadəsində tapançanı təxminən 2 ay əvvəl balıq ovuna gedərkən çayın kənarından tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Samiddin Quliyev, Fərid Layıcov və Habil Butdayev tutulub.

Üzərlərinə keçirilən baxış zamanı onlardan heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov