Baş Prokurorluq Sabunçu rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 2-də, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
***
09.27
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətrbuat xidmətindən bildirilib.
Fevralın 2-də saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Faktla bağlı araşdırma aparılır.