Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.
Belə ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:
“Xəsarətlər alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.
Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:
“Valideynlərinin də məlumatı var”.
***
13:47
Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbə itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.
Onun sözlərinə görə, Kahramanmaraşda iki azərbaycanlı tələbənin dağıntı altında qalması ilə bağlı məlumatlar doğru çıxmayıb: "Hazırda onların həyati təhlükəsi yoxdur. Amma bir tələbəmiz haqqında heç bir məlumat ala bilmirik, çünki onun yaşadığı bina tamamilə dağıntıya məruz qalıb”.
H.Əmirli həmçinin bildirib ki, Kahramanmaraşta olan Azərbaycan vətəndaşlarının Vətənə təxliyəsi bu gün təmin olunacaq: "Təxliyə Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə Kahramanmaraş avtovağzalından yerli vaxtla saat 15:00-da icra olunacaq".
Türkiyənin Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumata görə, zəlzələ nəticəsində ölənlər və ağır xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması haqqında məlumat yoxdur: “Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar aparılır”.