Ədalət Yusibov: “KXCP-nin qurultayı altı aydan çoxdur gecikir”
Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) “Demokratik Birlik” fraksiyası Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında təmsil olunur.
Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatın təşkilat komitəsinin üzvü olan Ədalət Yusibov bu məsələ ilə bağlı təşəbbüs qrupunun yaradıldığını deyib: “Qarşıya qoyduğumuz hədəflər və məqsədlərimiz bu hərəkatda təmsilçiliyimizə uyğundur. Təşəbbüs qrupu formalaşmamışdan öncə müəyyən əlaqələrimiz mövcud idi və aparılan danışıqların nəticəsi bizim də orada təmsilçiliyimizə yol açdı. ADR hərəkatında təmsilçiliyimiz kiməsə, yaxud hansısa partiyanın mövqeyinə qarşı münasibət kimi anlaşıla bilməz. Çünki həmin hərəkatda təmsil olunan fərqli siyasi mənsubiyyəti olan şəxs yalnız mən deyiləm. Başqa siyasi partiya üzvləri də var. Mənim Arif Hacılı və onun komandası ilə heç bir problemim yoxdur. Əslində, ADR-in yaradılması Müsavatda daxili narazılıq münasibətlərini bir növ əngəllənməsinə yol açan qabaqlayıcı tədbir olacaq. Həmçinin, Müsavatdaxili münasibətlərin barışmaz müstəvidən müəyyən anlaşma müstəvisinə keçməsində yardımçı olacaq”.
KXCP-nin “Demokratik Birlik” fraksiyasına gəlincə, Ə. Yusibov fəaliyyətlərini dayandırmadıqlarını bildirib: “Fraksiya bir gün də olsun ciddi məsələlərə münasibətdən kənarda qalmayıb. Vaxtaşırı yığıncaqlar keçirir, qərarlar qəbul edirik. Partiya rəhbərliyi ilə münasibətlərin formalaşdırılmasında maraqlıyıq. Dostlarımız vasitəsilə partiya rəhbərliyinə mesaj ünvanlamışıq. KXCP-nin qurultayının vaxtı 6 aydan artıq müddətdir ki gecikir. Fraksiya olaraq partiya qurultayının keçirilməsində köməyimiz nədən ibarətdirsə, mövqe ifadə eləmişik”, - deyə o söyləyib.
Ə.Yusibov KXCP qurultayında Müsavatdakı kimi səs fərqi çox az olan opponentlərin olma ehtimalına da toxunub: “Opponentlərin olması təbii qəbul olunmalıdır. Bizim fraksiyamızın yaranmasının səbəbləri ortada olub. Açığı partiya sədrinin şəxsi ilə bağlı hər hansı bir problemimiz yoxdur. Yalnız partiyanın idarə olunması, alınmış qərarların normal şəkildə icraya yönəldilməsi, nizamnamə normalarına hörmət olunması kimi məsələlərlə bağlı problemlərimiz mövcuddur. Fikrimcə, qurultay olarsa, orada bu məsələni ciddi şəkildə çözüb yoluna qoymaq mümkündür. Arzu etmirəm ki, aramızdakı münasibətlər Müsavatdakı münasibətlər məcrasına qədər gəlib çıxsın”.
Ə.Yusibov KXCP sədrliyinə namizəd olmaq fikrində olmadığını açıqlayıb. Onun sözlərinə görə, fraksiyanın 28 rayon təşkilatında nümayəndələri var: “Uzun müddətdir partiya rəhbərliyi tərəfindən fraksiyanın mövqeyinə qarşı mənfi münasibət ifadə olunmur. Mənə elə gəlir ki, artıq bu, razılıq əlamətidir. Fraksiyanın qoyduğu məsələlərlə partiya rəhbərliyi barışır. Ümid edirəm ki, partiya rəhbərliyi son zamanlar formalaşmış rəyə sadiq qalacaq”.
Nərgiz